HADİSƏ

Azərbaycanın bir hissəsində işıqlar yenə söndü

"Azərenerji" ASC-nin "8-ci Mikrorayon" adlandırılan xəttində açılma baş verib. Nəticədə bir sıra ərazilərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb
Sputnik

BAKI, 21 iyul — Sputnik. Bu gün axşam saatlarında Bakı şəhərinin və ölkənin regionlarının bir qismində elektrik enerjisinin təchizatında fasilə yaranıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, "Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev faktı təsdiqləyib.

Enerjinin təchizatında yaranmış təxminən 25-30 dəqiqəlik fasilə "Azərişıq" ASC-nin daxili imkanları hesabına aradan qaldırılıb. T. Mustafayev bildirib ki, elektrik enerjisinin nəqlində yaranan fasilə "Azərişıq" ASC ilə əlaqədar olmayan səbəblərdən baş verib.

Azərbaycan qaranlığa qərq oldu

"Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı isə bildirib ki, "Azərenerji" ASC-nin "8-ci Mikrorayon" adlandırılan xəttində açılma baş verib. Nəticədə bir sıra ərazilərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb. Bu da qısa müddətli olub.

Y.Babanlının sözlərinə görə, problem qısa zamanda aradan qaldırılıb.

"Azərenerji" ASC-nin tabeliyindəki heç bir stansiyada hər hansı hadisə baş verməyib" — deyə o bildirib. ASC rəsmisi qeyd edib ki, hazırda stansiyalar öz gücündə çalışır.

"Elektrik enerjisinin verilişində yaranan fasilənin metroda qatarların hərəkətinə təsiri çox olmayıb".

Bunu isə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, yalnız eskalatorlar bir neçə stansiyada dayanıb. Problem qısa müddətdə də aradan qaldırılıb.