CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncə hadisələri xəbər istehsalçılarının problemlərini ortaya çıxardı

Onlar layihənin icrasının bu sahədəki problemləri aradan qaldırmağa yardım göstərəcəyini bildiriblər
Sputnik

BAKI, 19 iyul — Sputnik. Son on ildə gündəlik həyatımıza "kriminal jurnalistika", "araşdırma jurnalistikası", "jurnalist araşdırması" kimi terminlər daxil olub. Fövqəladə hallar, sosial sahə, qeyri-qanuni fəaliyyət, korrupsiya faktları, maliyyə maxinasiyaları, zorakılıq və digər hallar kriminal jurnalistikanın mövzusuna çevrilib.

Bu gün Sputnik Azərbaycan Beynəxlaq Multimedia Mətbuat Mərkəzində Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri" mövzusunda konfrans keçirib. Tədbirdə jurnalist təşkilatlarının, KİV qurumlarının, QHT-lərin təmsilçiləri qatılıblar.

"Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri" mövzusunda konfrans

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Xəbər istehsalçıları üçün “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri" mövzusunda konfrans və seminarların təşkili" layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, Gəncədə baş verən son hadisələr zamanı bir daha təsdiq olundu ki, xəbər istehsalçılarının "kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri”nə yanaşmaları problemlidir: "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında açıq şəkildə göstərir ki, terror hadisələri zamanı terror törədən şəxsin fikirlərinin, ideyalarının cəmiyyətə açıqlamasına yol vermək olmaz. Amma bəzi qeyri-peşəkar xəbər istehsalçıları nəinki Yunis Səfərovun "ideyalarını" yaydılar, həmçinin ona dolayısı ilə dəstək nümayiş etdirdilər. Bu və digər nümunələr deməyə əsas yaradır ki, əksər xəbər istehsalçılarının kriminal mövzuda informasiya hazırlayarkən, ciddi qüsurlara yol verdikləri faktı ortadadır. Bu qüsurların bir tərəfi süni sensassiya yaratmaq, auditoriya qazanmaq naminə bilərəkdən yol verilmiş xətalardırsa, digər tərəfi də hüquqi bilgisizliklə, yanlış terminlərin istifadə edilməsi İlə bağlıdır".

Müşfiq Ələsgərli

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri" adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə çıxış edən media təmsilçiləri və ekspertlər — Azər Həsrət, Nəzirə Nurullayeva, Ramella İbrahimxəlilova, Namiq Mailov, Elçin Zahiroğlu, İlqar Vəliyev, Çingiz Bayramov, Elçin Hüseynov, Sevda Əsgərova, Anar Vəziroğlu, Nadir Azəri və digərləri kriminal hadisələr haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlərdən danışıblar. Onlar, həmçinin layihənin icrasının bu sahədəki problemləri aradan qaldırmağa yardım göstərəcəyini bildiriblər.

Sonda iştirakçıları layihədə çərçivəsində işıq üzü görmüş "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri" kitabçası təqdim edilib.