OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib. Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, gündəlik hasilatın hansı həcmdə olacağı hələlik bəlli deyil:
“İran hiss edir ki, ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiya yavaş-yavaş özünü göstərir. Əgər OPEC-in hesabatına nəzər salsaq, görərik ki, may ayının nəticələrinə görə, İranın ixracı artıq 300 min barel azalıb. Bu, İranın hasilatı azaltmasının nəticəsi deyil, sadəcə İranın neftini almayıblar. Bundan öncə də aprel ayında məlumatlar vardı ki, artıq Cənubi Koreya, Uzaq Şərqdəki ölkələr əlavə mənbələrdən neft axtarışına və İrandan alınacaq neft həcmlərini azaltmağa başlayıb. İranı da qıcıqlandıran odur ki, bunlar hasilatın artırılması ilə bağlı qərar qəbul edirlərsə, ABŞ-ın sanksiyalarına faktiki olaraq dəstək nümayiş etdirirlərsə, deməli, İranın neft həcmlərinin bazardan çıxarılması məsələsi gündəmə gələcək. Ölkələr yavaş-yavaş, tədricən İrandan alınan neft həcmlərini azaltmalı idi”.
Vyanada keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında hasilatın gündəlik 1 milyon barel artırılması ilə bağlı qərar qəbul olunub. İranın neft naziri Bijan Zanqane iclası tərk edərək yekun müqaviləni imzalamayacağını deyib.
İlham Şabanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz