Paşinyan rus hərbçilərinin atəş açması barədə: "Baş verənlər təxribatdır"

Hüquq mühafizə orqanları öz üzərinə düşən işləri yerinə yetirəcək və insident tam şəkildə araşdırılacaq
Sputnik

BAKI, 19 iyul — Sputnik. “Panik kəndində baş verənlər Ermənistan – Rusiya dostluq əlaqələrinə qarşı təxribatdır”. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bildirib.

Ermənistan hökumətinin rəhbəri əlavə edib ki, hüquq mühafizə orqanları öz üzərinə düşən işləri yerinə yetirəcək və insident tam şəkildə araşdırılacaq.

Qeyd edək ki, ötən gün Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri Şirak vilayətinin Panik kəndi ərazisində boş güllələrdən istifadə etməklə hərbi təlim keçirməsi yerli sakinləri qorxuya salıb.

Paşinyan sabiq prezidentdən Qarabağla bağlı məsləhətlər aldı

Hadisə iyulun 17-də gündüz vaxtı baş verib. Kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər: "Yaxşı ki güllələr boş olub. Bütün sakinlər güllə səslərindən sonra evlərindən qaçdılar, hətta huşunu itirən uşaqlar da var".

"Bizi əsəbiləşdirən odur ki, icma ərazisində təlim olacağı barədə heç kimə xəbərdarlıq etməyiblər. Əgər Ermənistandan kimsə Rusiyada icma ərazisində bircə evlə bunu etsəydi, faciə düzəltmişdilər. Yaxşı, başa düşdük ki, yaxınlıqda hərbi baza var. Çox sağ olsunlar ki, bizi müdafiə edirlər. Amma təlimləri kənd ərazisində keçirmək olmaz" – deyə Makeyan əlavə edib.

Rusiyanın Ermənistandakı 102-ci bazasının komandirinin müavini Aleksey Polyuxoviç deyib ki, baza rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Şirak rayonunun qubernatoru Karen Saruxanyan bəyan edib ki, rusiyalı hərbçilər fors-major vəziyyətlə bağlı məlumat verib və insidentə görə üzr istəyib.

"Belə bir hadisə ilk dəfə baş verib və onlar bunun bir daha təkrar olunmayacağını bildiriblər. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır", — Saruxanyan qeyd edib.

Panik kəndi "Alaqyaz" poliqonunun yaxınlığında yerləşir.