SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: “Azərbaycana 250 milyard sərmayə qoyulub”

"Sumqayıtda yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək"
Sputnik

BAKI, 18 iyul — Sputnik. “Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir. Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedir. Bu ilin altı ayında qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Bu zavodun və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsindən sonra bizim sənaye potensialımız daha da artacaqdır”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Polipropilen Zavodunun açılış mərasimindəki çıxışında deyib.

İlham Əliyev dövlət başçılarına təbrik məktubu ünvanlayıb

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda çox gözəl sərmayə iqlimi var: “Son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulub və biz bu zavodun timsalında bunu görürük. Xarici banklar öz maliyyə dəstəyini göstərmişdir. Bu zavodun fəaliyyətində ən müasir xarici texnologiyalar tətbiq olunacaq. Bu zavodun tikintisini məşhur İtaliya şirkəti təmin edib.

Bu gün Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri başlamışdır. Bu, tarixi səfərdir, çünki ilk dəfədir ki, İtaliya Prezidenti Azərbaycana səfər edir. Səfər zamanı apardığımız danışıqlar və fikir mübadiləsi İtaliya-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Biz dostuq. Bizi birləşdirən bir çox layihələr, ortaq maraqlar var. Bu gün bütün bu məsələlər müzakirə olundu. Sabah biz cənab Prezident Sercio Mattarella ilə birlikdə İtaliya və Azərbaycan iş adamları ilə görüşəcəyik, onlara da öz sözümüzü deyəcəyik. Əlbəttə, onlar da bütün bu hadisələri izləyir və görürlər ki, siyasi əlaqələr yüksək səviyyədədir. Beləliklə, biznes dairələri üçün çox gözəl imkanlar açılır. Əminəm ki, həm İtaliya, həm Azərbaycan şirkətləri bu imkanlardan istifadə edib bizim ticarət dövriyyəsinin şaxələndirilməsi istiqamətində önəmli addımlar atacaq.

Bu gün mən artıq rəsmi danışıqlar zamanı qeyd etdim ki, İtaliya bizim üçün bir nömrəli ticarət tərəfdaşıdır. Bu, əlbəttə ki, çox müsbət haldır. Amma biz istəyirik ki, bizim ticarət əlaqələrimiz çoxşaxəli olsun, bir çox sahələri əhatə etsin və buna nail olacağıq.

Bizim gələcək sənaye inkişafımızla bağlı planlarımız əminəm ki, həyata keçiriləcək. Bir çox yeni, ən yüksək texnologiyalara cavab verən sənaye müəssisələri yaradılacaqdır. Ona görə, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaqdır.

Mən İtaliya Prezidenti cənab Sercio Mattarellanı bir daha salamlayıram. Qeyd etməliyəm ki, bu müəssisə Sumqayıt şəhərində yaradılır. Sumqayıt şəhərinə ilk dəfədir ki, aparıcı Avropa dövlətinin Prezidenti gəlir. Bu, Sumqayıtın tarixi üçün də çox əhəmiyyətli məsələdir. Sumqayıt indi müasir sənaye şəhəridir. Cənubi Qafqazda Bakıdan sonra ikinci sənaye şəhəridir. Sumqayıt sovet vaxtında kimya sənayesi şəhəri kimi yaradılmışdır. Sumqayıtın çox ciddi ekoloji problemləri var idi. Mən cənab Prezidentə bu barədə məlumat verdim. Ekoloji vəziyyət, havanın çirklənməsi insanları çox narahat edirdi. Bütün bunlara son qoyuldu. Bu gün müasir müstəqil Azərbaycanda ən yüksək ekoloji standartlar təmin edilir və Sumqayıt indi ekoloji inkişaf baxımından ölkəmizin ən qabaqcıl yerlərində qərarlaşıb. Bu zavodun sumqayıtlılar üçün də böyük əhəmiyyəti olacaq. Sumqayıtda yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək və beləliklə, şəhərin inkişafı da uğurla gedəcək.

İtaliya Prezidentinin bu zavodun açılışında iştirakı bizi fərəhləndirir. Bu, doğrudan da gözəl hadisədir. Bu, əsl dostluq rəmzidir. Mən İtaliya Prezidentini və onunla bərabər mərasimdə iştirak etmək üçün gəlmiş bütün qonaqları salamlayıram. Zavoda uğurlar arzulayıram”.