CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük Qafqaz səddi uçur, təcili müdaxilə tələb olunur

Qafqazda Dərbənd səddinin, Qaradəniz sahilində Abxaz səddinin məşhur olmasına baxmayaraq, müqayisədə ən uzunu Böyük Qafqaz səddidir
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Azərbaycanın şimal-qərb bölgəsi açıq muzeydir sanki… Mübağiləsiz demək olar ki, bölgənin hər daşında tarix danışır.

Adıçəkilən bölgədə yerləşən unikal tarixi abidələrdən biri də VI əsrdə Sasani hökmdarı Xosrov Ənuşirəvanın əmri ilə tikilən "Böyük Qafqaz səddi"dir. Bu abidə təkcə Qafqazda deyil, dünyada fərqli xüsusiyyətlərinə görə seçilir.

AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sözügedən abidə dünyadakı digər məşhur sədlərlə müqayisə oluna bilər: "Balakən rayonunun Katex kəndi ərazisində qalıqları qalan səddin eni 1.5, hündürlüyü 6-8 metrdir. Bu gün görünən hissədən 2 metr aşağıda səddin bünövrəsi başlayır".

A.Məmmədli bildirib ki, Qafqazda Dərbənd səddinin, Qaradəniz sahilində Bizans dövrünə aid olan Abxaz səddinin məşhur olmasına baxmayaraq, müqayisədə ən uzunu Böyük Qafqaz səddidir. Dərbənd səddi 40 km-dir, barəsində danışdığımız sədd isə 120 km.

Qala divarları yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur

Tarixçi onu da qeyd edib ki, X əsrdə yaşamış ərəb tarixçisi Əl-Bələzurinin "Fəth Buldun" (Ölkələrin fəthi) kitabında bu səddən bəhs olunur: "Əl-Bələzuri "Ölkələrin fəthi" əsərində yazır ki, "bu sədd Şahkidən İbiriyanın içərilərinə qədər uzanır". Bu, o deməkdir ki, bu sədd İberiyadan Şəkiyə qədər uzanır".

Sasanilərin inşa etdirdikləri bu sədd Şimaldan gələn Hun-Bulqar-Xəzər türklərinin qarşısını alamaq üçün yaradılıb: "Hətta bu səddin İsgəndər dövrünə aid olduğu da bildirilir. Səddin sonuncu, ən məşhur tədqiqatçılarından biri tanınmış rus alimi Paxomov olub. O, 1950-ci ildə qarış-qarış bu bölgəni gəzib, yaşlı sakinlərlə söhbət edib və belə qənaətə qəlib ki, bu abidə sözügedən bölgə üçün olduqca əhəmiyyətlidir. Cənubi Qafqazın ən uzun səddi bəzi mənbələrdə "İskəndər səddi" kimi də qeyd edilir".

Azərbaycanın numizmatika və tarixi abidələrinin tətqiqatçısı Paxomov yazır: "Misir tarixi üçün ehramların nə qədər böyük əhəmiyyəti varsa, Qafqaz tarixi üçün də Katex kəndində tikilən bu səddin bir o qədər böyük əhəmiyyəti var".

A.Məmmədlinin sözlərinə görə, XIX əsrdə bölgəni işğal edən ruslar 1847-ci ildə bu səddin çox hissəsini dağıdıblar. Səbəb isə rus generalı Şvartsın burada baş verən döyüşdə məğlub olması olub. Məğlubiyyətin əvəzini çıxmaq üçün o, qala divarlarının sökülməsi, dağıdılması barədə əmr verib.

Tarixçi alimin dediyinə görə, bütün mənbələrdə bu abidə vazkeçilməz bir sədd olaraq göstərilir: "Bu sədd təkcə bölgə üçün yox, Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Zaza Alekseyevin kitabında da bu səddən bəhs olunur. Fars dilində olan "Kala sur"(nəhəng divar), ifadəsi gürcü dilində "Kela sur" adı ilə çəkilir. İran mənbələrində "Kala sur", gürcü mənbələrində "Kela sur", Bizans mənbələrində isə "Böyük Qafqaz səddi" adlandırılıb".

Qeyd edək ki, Böyük Qafqaz səddi əvvəllər diqqətdən kənarda qalıb. Təkcə bölgə üçün yox, Azərbaycan üçün də əhəmiyyətli olan abidə demək olar ki, yavaş-yavaş itib-batmaqda idi.

Akif Məmmədli deyib ki, 2017-ci ildə mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb və abidənin əhəmiyyəti barədə, məhv olmaqla üz-üzə qalması ilə bağlı nazirə məlumat verib: "Nazir ilə görüşümüzdən sonra nazirlik həmin abidənin 200 metr ərazisinin restavrasiya olunması barədə qərar qəbul edib. Layihə smetası hazırlanıb. Memarlarla birlikdə abidəyə baxış keçirdik. Ümid edək ki, abidənin başqa qalıqları da tapılar, aşkar edilər".

Adıçəkilən bölgə, ümumiyyətlə, elə bir ərazidə yerləşir ki, həm tarixiliyi, həm də təbiəti baxımından turizmin inkişafı üçün əlverişli imkanlara sahibdir. Sözügedən bölgədə mövcud olan tarixi-mədəni abidələrin çoxluğu onu göstərir ki, bu yerlər ta qədim zamanlardan bizanslara, xəzərlərə, ruslara qarşı döyüşlərdə əsas istinad məntəqələri olub.

Haqqında danışdığımız bölgədəki abidələri dünyaya tanıtmaqla biz həm də ölkəyə turist axınını artıra bilərik. Bundan başqa, həm də tarixi abidələr bizim "milli pasportumuz"dur. Bəzi qonşularımızın ərazi iddiaları ilə üz-üzə olduğumuzu nəzərə alsaq, bilməliyik ki, o iddiaların əsassızlığını sübut edən ən ciddi faktlar məhz bu abidələrdir.

Odur ki abidələrimizi qorumalıyıq. Bu isə vəzifəsindən asılı olmayaraq hər kəsin vətəndaşlıq borcudur!