Azərbaycanda daha bir mühüm dövlət qurumu yaradılır

"Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi hazırlanıb
Sputnik

BAKI, 17 iyul — Sputnik. Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi sahəsində bir sıra ölkənin qanunvericiliyi araşdırılıb və nəticədə "Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Azərbaycanda yeni vacib Agentlik yaradıldı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Bildirilir ki, səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb: "Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə "Dövlət xidmətlərinin təşkilində DATA analizi", "Açıq hökumət məlumatlarından istifadə edilməsi" və "Elektron hökumət həlləri" kimi araşdırmalar aparılıb. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib, eyni zamanda, "Dünya Bankı"nın "Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində "Yaxşı idarəçilik" prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik" prinsipləri təhlil edilmişdir".

Məlumatda vurğulanır ki, dövlət xidmətlərinin təşkilində "Açıq hökumət məlumatları"ndan istifadə, qabaqcıl texnologiyaların və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılıb, səfərlər təşkil edilib: "Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. 31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu" imzalanıb. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb".