RUSİYA

Yaxşı rəqib, ilk addım, seçkilərə müdaxilə... Putin və Tramp nədən danışıblar - VİDEO

Mətbuat konfransı zamanı da prezidentlər görüşdən məmnun qaldıqlarını ifadə ediblər
Sputnik

BAKI, 16 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp geniş tərkibdə keçirilən görüşün ardından mətbuat üçün açıqlamalar veriblər. Sputnik Azərbaycan xəbər verir ki, prezidentlər arasında görüş təxminən nəzərdə tutulduğu kimi 3 saat deyil, təxminən 4 saat davam edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşdən dərhal sonra jurnalistlərin sualını cavablandırıb: “Əla! Görüş superdən də gözəl keçdi”.

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın birgə mətbuat konfransı. Helsinki, 16 iyul 2018-ci il

Mətbuat konfransı zamanı da prezidentlər görüşdən məmnun qaldıqlarını ifadə ediblər. Vladimir Putin tərəflər arasında çoxsaylı problemlərin qaldığını, amma iki ölkə arasında ilk addımın atıldığını bildirib: “Əlbəttə problemlər var. Biz hər şeyin ilk görüşdə həll olunacağını gözləmirdik. Amma ilk addım atılıb”.

“ABŞ prezidenti Donald Trampla danışıqlar açıq və işgüzar məcrada keçdi. Görüşü çox uğurlu və faydalı hesab edirəm” – deyə Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, iki ölkə arasındakı münasibətlərdə gərginlik və çətinliyin obyektiv səbəbləri yoxdur: “Hamıya aydındır ki, ikitərəfli münasibətlər çətin günlər yaşayır. Amma bunun obyektiv səbəbləri yoxdur”.

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın birgə mətbuat konfransı. Helsinki, 16 iyul 2018-ci il

Öz növbəsində Donald Tramp Putinlə görüşü “birbaşa, açıq və məhsuldar” danışıq adlandırıb: “Biz prezident Putinlə ölkələrimiz üçün çox vacib olan geniş məsələləri müzakirə etdik. Bizim çox açıq və məhsuldar danışıqlarımız oldu”.

O, bu görüşün uzun prosesin başlanğıcı olduğunu da vurğulayıb: “Bu gün biz ilk daha yaxşı gələcək üçün addımı atdıq. Elə bir gələcək üçün ki, orada möhkəm dialoq olacaq”.

Prezidentlər qeyd ediblər ki, görüşdə bir çox ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunub. Onların arasında ikitərəfli əlaqələr, iqtisadi münasibətlərə xüsusi yer verilib. Prezidentlər hər iki məsələ ilə bağlı birgə şura yaratmaq üzərində düşünəcəklərini bildiriblər.

Putin və Tramp görüş zamanı bütün dünyanı narahat edən bir çox məsələlərə də toxunublar. Onların arasında Suriya, İran, Ukrayna və Şimali Koreya məsələsi prioritet təşkil edib. Tərəflər Suriyada vəziyyətin düzəldilməsi və terrorçuluğun kökünün kəsilməsi üçün əlaqələndirilmiş fəaliyyətin vacib olduğunu vurğulayıblar. 

Görüşdə Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi məsələsinə geniş yer verilib. Putin bir daha bəyan edib ki, Rusiya ABŞ seçkilərinə müdaxilə etməyib: “Tramp bir daha bu məsələyə toxundu. Mən isə yenidən dəfələrlə söylədiyimi təkrar etməli oldum: Rusiya heç bir zaman ABŞ-ın daxili işlərinə, o cümlədən seçkilərə müdaxilə etməyib və buna hazırlaşımır“.

Donald Tramp mətbuat konfransı zamanı Putini “yaxşı rəqib” adlandırıb: “Mən onu rəqib adlandırdım, özü də yaxşı rəqib. Düşünürəm ki, rəqib sözü komplimentdir”.