Rəsmi Tehran Gəncədə baş verən terror aktı və "İran izi" ittihamına reaksiya verdi

İran hökuməti Gəncədəki sui-qəsdləri və terror hadisələrini pisləyib
Sputnik

BAKI, 16 iyul — Sputnik. "İran İslam Respublikası zorakılığı həmişə pisləyir, biz bu hərəkəti qınayırıq və ümid edirik ki, onun səhhəti tezliklə yaxşılaşacaq".

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında Gəncə icra başçısına qarşı terror edən şəxsin İranda yetişdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

"Ümid edirik ki, dünyada, xüsusən də qonşu ölkələrdə belə hadisələrin baş verəcəyini müşahidə etməyəcəyik. Biz qonşu ölkələrin sülh və sabitlik şəraitində inkişaf etməsində maraqlıyıq. Düşünürük ki, qonşu ölkələrin sabitliyi bütün regionun sabitliyidir" — Qasimi bildirib.

"Bu hadisəni pisləyirik və bildiririk ki, son həftələr ərzində İran İslam Respublikası əleyhinə müəyyən mərkəzlər tərəfindən hesablanmış, konkret psixoloji müharibə başladılıb. Hazırlıq işləri görərək, yalan xəbərlər quraraq İslam Respublikası əleyhinə müxtəlif ittihamlar irəli sürürlər. Dostlarımızdan istəyimiz budur ki, İranın düşmənlərinin psixoloji müharibəsinə diqqət yetirsinlər və ayıq olsunlar" — deyə o vurğulayıb.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı iyulun 3-də sui-qəsd olub, başçı yaralanıb. Törədilmiş terror aktının ardınca Gəncə şəhərində qanunsuz aksiyalar çağışırlar olub. Daha sonra — iyulun 10-u axşam saatlarında bir qrup şəxs Gəncə şəhərinin mərkəzində qanunsuz aksiyaya cəhd edib.

Gəncə terrorunun təşkilatçısının adı və fotosu açıqlandı

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda deyilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

Polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.