Fransa millisi külli miqdarda pul mükafatı qazandı

Dünya çempionatının ümumi mükafat fondu 400 milyon dollar təşkil edib
Sputnik

BAKI, 16 iyul — Sputnik. Rusiyada keçirilən dünya çempionatının finalında qələbə qazanan komandaların mükafatlarının məbləği məlum olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa millisi FIFA tərəfindən 38 milyon dollar pul mükafatı qazandırıb.

DÇ-2018: Fransa Dünya Çempionu oldu! - FOTOLAR

Məlumata görə, dünya çempionatının ümumi mükafat fondu 400 milyon dollar təşkil edib. Dünya çempionatının gümüş mükafatçısı Xorvatiya millisi 28 milyon dollar gəlir əldə edib. Üçüncü yeri tutan belçikalılar 24, İngiltərə yığması isə 22 milyon dollar qazanıb.

Həmçinin dünya çempionatının "play-off" mərhələsinin digər iştirakçılarının da qazandığı məbləğ açıqlanıb. Dörddəbir final mərhələsində mübarizəsini dayandıran Rusiya millisi, İsveç, Braziliya və Uruqvay komandaları 16 milyon dollar, səkkizdəbir finalda turniri tərk edən İspaniya, Danimarka, İsveçrə, Kolumbiya, Argentina, Meksika, Portuqaliya və Yaponiya komandaları isə 12 milyon dollar qazanacaqlar. FİFA qrup mərhələsindəki iştirakçıların hərəsinə 8 milyon dollar verəcək.

Qeyd edək ki, Rusiyada keçirilən futbol üzrə XXI Dünya Çempionatının finalında Xorvatiya millisinə 4:2 hesabı ilə qalib gələn Fransa yığması dünya çempionu adını qazanıb.