CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Düşmənlə üz-üzə: Orada kişilər var, o kişilər yurdda qalır...

"Yaşıdlarıma deyəndə ki, mən ağdamlıyam, cəbhəyanı kənddə yaşayıram, deyirlər, "orada yaşamaq qeyri-mümkündür"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Əfətli Ağdam şəhərindən 15 km uzaqdır. XIX əsrin əvvəllərində Əfətli 9 ailədən ibarət kiçik bir el olub. Həmin əsrin sonlarına aid məlumatda bura Mirzə Cəfərli Əfətli kimi qeyd olunub. XX əsrin əvvəllərində isə sakinlərinin əsas məşğuliyyəti maldarlıq olan Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq kəndlərinin birləşməsindən Əfətli yaranıb.

Əfətli cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Amma bütün hallarda düşmən cavab atəşi ilə susdurulur. Vaxtaşırı atəşkəsin pozulmasına rəğmən, əhali kəndi tərk etmir.

Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilikdir

Yerli camaatın əsas dolanışığı əkinçilik və heyvandarlıqdan çıxır. Sübh tezdən, 7-dən 77-ə hər kəsi əkin sahəsində görmək mümkündür. Qonağı olduğumuz Quliyevlər ailəsi də həmkəndliləri kimi çörəyini torpaqdan qazanır. Bu zəhmətkeş ailə bütün çətinliklərə baxmayaraq, doğma el-obalarını tərk etməyib. Hətta müharibənin ən qızğın vaxtında belə…

Ailə başçısı Nəsir Quliyev övladları və nəvələri ilə birlikdə Əfətlidə yaşayır. Hər dəfə atəşkəs pozulanda kənddəki qadınları və uşaqları Ağcabədiyə göndərirlər. Kişilər isə kənddə qalırlar.

Sputnik Azərbaycan-a danışan Nəsir baba deyir ki, 1992-ci ildə, müharibənin ən amansız vaxtında belə, kəndi tərk etməyib: "Erməni 25 ildir ki torpaqlarımızdadı. Düşmən bu illərdə bizə çox zərbə vurub. Erməninin torpağı olmayıb. Gəlib, burada, dağətəyi zonalarda yerləşib. Ona görə də əliuzunluq edirlər".

Həmsöhbətimiz torpaqlarımızın işğaldan azad ediləcəyi günü tezliklə görəcəyinə çox ümidlidir: "İndi erməni Azərbaycan torpağında yaşayır, günahkardı. Amma Azərbaycan xalqı dözümlü xalqdı. Qırğın olmasını istəmir. Yoxsa Yerevana vurub çıxar. Torpalarımızın bir qarışı belə erməniyə qalmayacaq. Bizi yaşadan da elə bu inamdır".

Nəsir babanın ömür-gün yoldaşı Gülbuta xanım da digər həmyerliləri kimi tezliklə qələbə gününü — Ağdamı, Qarabağın digər işğal altında olan torpaqlarını görmək arzusu ilə yaşayır: "Allahdan bircə arzum odur ki, tezliklə o torpaqlara qovuşaq. Mən kimi neçə-neçə yaşlı insan o torpaqları görəndən sonra bu dünyadan köçmək istəyir".

"Doğrudur, mən bu kənddə doğulmuşam. Amma, hər bir qarabağlı üçün fərq eləmir, sən kəlbəcərlisən, şuşalısan ya ağdamlısan. Biz həmişə yumruq kimi bir olmuşuq. O yerlərlə bağlı çox gözəl xatirələrimiz var. Tezliklə o yerlərə qayıtmaq istəyirik" — deyir Gülbuta nənə.

Əfətli kəndinin kiçik sakinləri

Gülbuta xanım öz kəndlərində rahat yaşadıqlarına görə qəhrəman əsgərlərimizə təşəkkür etməyi də unutmur: "Ordumuz olmasaydı, biz burada yaşaya bilməzdik. Allah bayrağımızı uca eləsin, torpaqlarımız erməniyə qalmasın. Qorxa-qorxa yaşamaqdansa, asudə yaşamaq yaxşıdır. Müharibə başa çatsın, ondan sonra hər şey qaydasında olacaq".

Nəsir babanın oğlu Tariyel Quliyev isə öz kəndini dünyanın ən sakit yeri hesab edir: "Dünyanın harasında olursaq olaq, mənim üçün ən sakit yer Azərbaycandır. Ən rahat yer də bizim kənddir. Seldən, daşqından, zəlzələdən uzaq…"

Tariyel bəy öz kəndlərini dünyanın ən sakit, rahat yeri hesab etsə də, mənfur qonşularımızın onların bu rahatlığını əlindən aldığını deyir: "Ermənilər bizə mənəvi ziyandan başqa maddi ziyan da vurub, vurur. Bu, onları xislətindədir. Keçən dəfə ermənilər mərmi atıblar, darvazanın bir hissəsi dağılıb. Tövləmizə də düşüb, dağılıb. Amma onlar bilməlidilər ki, bura bizim vətənimizdir".

Ailənin gənc qızı Elnarə Quliyeva isə danışır ki, onlar üçün güllə səsi artıq adiləşib: "Hər gün atışma səsləri eşidirik. Gözümüzün özündə güllələrin, mərmilərin necə getdiyini görürük. Bu, bəzilərinə qorxulu gəlsə də, bizim üçün artıq adi haldı. Öz yaşıdlarıma deyəndə ki, mən ağdamlıyam, cəbhəyanı kənddə yaşayıram, deyirlər ki, "orada yaşamaq qeyri-mümkündür, bir dəqiqə belə orada qalmaq olmaz".

"Amma bu yanlış fikirdi. Onlar o mühitə öyrəşdikləri üçün belə düşünürlər. Biz də bu mühitə öyrəşmişik. Bu mühitə öyrəşdiyimiz üçün bizə başqa yerdə qalanda çətin gəlir" – E.Quliyeva əlavə edir.

Düşmən vaxtaşırı təxribatlar törətməklə həm evlərə, həm əkin sahələrinə ziyan vurur

Onun ən böyük arzusu müəllim olmaq, universiteti bitirdən sonra öz kəndlərində müəllim işləməkdir: "Fikrimcə, Qarabağda müəllim olmaq, səngərdə əsgər olmağa bərabərdir. Aprel döyüşlərində mənim müəllimlərim kəndi tərk etmədilər. Bu, onu göstərir ki, bizim müəllimlər daha mübarizdirlər".

"Mən də müəllim olmaq istəyirəm. Müəllim sənəti şərəflidir, müharibə gedən bölgədə müəllim işləmək isə ikiqat şərəfdir" – deyə müsahibimiz fikirlərini tamamlayır.

Düşmənlə üz-üzə yaşadıqlarına baxmayaraq, qorxmaz, mübariz, şərəfli, qürurlu olan Quliyevlər ailəsi ilə həmsöhbət olmaqdan biz də qürur duyuruq. Qarabağla, işğal olunmuş torpaqlarımla bağlı arzularının tezliklə çin olduğu günü görmək ümidi ilə Quliyevlərdən ayrılırıq.