CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan tarixinin ən faciəvi günlərindən biri

Azərbaycan torpaqları Rusiya, Osmanlı və Səfəvi dövlətləri arasında bölüşdürülüb
Sputnik

BAKI, 12 iyul — Sputnik. 1724-cü ilin 12 iyulunda Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb.

Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il 12 sentyabrda bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib.

Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək bütün Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı imperatorluğu da bu bölgünü qəbul edib.

Eyni zamanda, müqaviləyə görə, Rusiya Gürcüstan və Xəzəryanı bölgələr istisna olmaqla Şimali Azərbaycanın Osmanlının nəzarətinə verilməsinə razılaşıb. Şirvan Osmanlının himayəsi altında müstəqil xanlıq statusu alıb.

Nəticə etibarilə Azərbaycan torpaqları Rusiya, Osmanlı və Səfəvi dövlətləri arasında bölüşdürülüb.

Bundan az sonra, 1724-cü il noyabrın 10-da isə çar I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə məşhur fərmanı imzalayıb. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsi Gilan və Mazandaran bölgələrinə, eləcə də rusların əlində olan Bakıya köçürülməsi başlanıb.