CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənni Röyanın keçmiş qayınatasına cəza istənildi

Dövlət ittihamçısı Çingiz Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Sputnik

BAKI, 12 iyul — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

İclasda prokuror çıxış edib. Dövlət ittihamçısı Çingiz Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Bank Standart"ın nümayəndəsi çıxışında prokurorla razı olduğunu deyib və onlara dəymiş ziyanın ödənilməsini tələb edib.

Çingiz Cəlilovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

“Röya başa düşməlidir ki, məni öz sponsorları ilə qorxuda bilməz”

Məhkəmə prosesi iyulun 20- də davam etdiriləcək.

Qeyd edək ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç. Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham  elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xarıladaq ki, Çingiz Cəlilov müğənni, əməkdar artist Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilovun atasıdır.