QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

NATO Azərbaycana güclü dəstək nümayiş etdirdi

"Biz tərəfləri münaqişələrin sülh yolu ilə həlli üçün gücləndirilmiş siyasi iradə göstərərək konstruktiv şəkildə işləməyə çağırırıq"
Sputnik

BAKI, 12 iyul — Sputnik. "Biz Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizə sadiqliyimizi bir daha vurğulayırıq". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyənnaməsində bildirilir. 

Deklarasiyada qeyd olunur ki, NATO bütün tərəfdaşlarının heç bir təzyiq və məcburiyyət olmadan öz xarici siyasət kurslarını, həmçinin təhlükəsizlik siyasətində müstəqil və suveren qərarlar vermək hüququnu dəstəkləyir.

İlham Əliyev NATO ölkələri rəhbərlərinin görüşündə

"Bu kontekstdə biz Cənubi Qafqazda, həmçinin Moldova Respublikasında münaqişələrin beynəlxalq hüququn prinsip və normaları, BMT nizamnaməsi və Helsinki Yekun Aktı əsasında dinc yolla həllinə istiqamətlənən səyləri dəstəkləməyə davam edirik. Biz tərəfləri münaqişələrin sülh yolu ilə həlli üçün gücləndirilmiş siyasi iradə göstərərək konstruktiv şəkildə işləməyə çağırırıq" — deyə bəyannamədə vurğulanır.

Qeyd edək ki, ötən gün Belçikanın paytaxtı Brüsseldə NATO-nun 29-cu sammiti öz işinə başlayıb. Sammitdə 54 rəsmi nümayəndə heyəti iştirak edir. Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün dünən Belçikaya gedib.

Tədbirin ilk günündə üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verib, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razılıq veriblər.

Sammitin gedişində müttəfiqlər paytaxtı Skopyen olan Şimali Makedoniya Respublikasını NATO-nun 30-cu üzvü olmağa dəvət etmək niyyətindədir.

Bu gün isə sammit çərçivəsində Gürcüstan və Ukrayna rəhbərliyi ilə görüşdə regional çağırışlar müzakirə olunacaq. Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq. Bu görüşdə NATO ölkələrinin liderləri ilə yanaşı, NATO-nun "Qətiyyətli dəstək" missiyasi üzrə tərəfdaşları da iştirak edəcək. Sammit iştirakçılarının 2020-ci ildən sonra əfqan qüvvələrinin maliyyələşməsini artırmağa razı olacaqları da gözlənilir.