QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Həmsədrlər nazirlərin Brüssel görüşü barədə məlumat yaydı

Həmsədrlər gərginliyin azaldılmasının, həmçinin təhrikedici ritorikadan uzaq olmağın vacibliyini vurğulayıblar
Sputnik

BAKI, 12 iyul — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Brüsseldə keçirilmiş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə bəyanat yayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda iyulun 11-də baş tutan görüşün Azərbaycan və Ermənistanda seçkilərdən sonra ilk görüş olduğu qeyd olunur.

"Nazirlər mövcud vəziyyətə dair fikir mübadiləsi aparıb və substantiv danışıqlar üçün növbəti addımları müzakirə ediblər. Tərəflər gələcək görüşlər üçün inamın artırılması da daxil olmaqla bir sıra məsələləri müzakirə edib. Həmsədrlər gərginliyin azaldılmasının, həmçinin təhrikedici ritorikadan uzaq olmağın vacibliyini vurğulayıblar" — deyə bəyanatda qeyd olunur.

Bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın gələcəkdə həmsədrlərin təşəbbüsü ilə yenidən görüşmək barədə razılığa gəlib.

Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ilk görüş keçirilib.

Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib. Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi razılaşdırılıb. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.