VİDEO

Terrora qurban gedən polislərimiz son mənzilə belə yola salındı - VİDEO

Gəncə iğtişaşlarında həlak olan polis zabitləri torpağa tapşırılıb. Sputnik Azərbaycan-ın videosunda baxın.
Sputnik

Ötən gün axşam Gəncədə baş verən iğtişaşların qarşısını alarkən həlak olan polis əməkdaşları Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovla vida mərasimi olub.

Qeyd edək ki, dünən axşam saatlarında bir qrup şəxs Gəncə şəhərinin mərkəzində qanunsuz aksiyaya cəhd edib. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda deyilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər — Gəncə şəhər sakinləri, 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin "102" Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.