CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncə cinayətkarları kimlərdir: Ana qatili, radikal ünsür, arvadını öldürən şəxs...

Rəşad Böyükkişiyev yaşadığı evdə anası Flora Əhəd qızı Böyükkkişiyevanı bıçaqlayıb
Sputnik

BAKI, 11 iyul — Sputnik. Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən şəxslərlə bağlı bəzi təfərrüatlar bəlli olub.

Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.

"Google" axtarış sistemində aparılan kiçik araşdırma zamanı məlum olub ki, Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə həbsdə olub. APA-nın 17 iyul 2007-ci ildə yaydığı xəbərdə oxuyuruq: "Gəncə şəhərində ailə məişət münaqişəsi zəminində qətl hadisəsi törədilib. Gəncə şəhər prokurorunun köməkçisi İbrahim Həsənovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, 19 yaşlı Rəşad Məmmədəli oğlu Böyükkişiyev öz anası bıçaqlayaraq öldürüb.

Onun sözlərinə görə, gecə saat 02:30 radələrində təqsirləndirilən Rəşad Böyükkişiyev öz yaşadığı Həsən Əliyev küçəsi, 1-ci döngə, ev 17-də 1966-cı il təvəllüdlü anası Flora Əhəd qızı Böyükkkişiyevanı bıçaqlayıb.

Rəşad Böyükkişiyev və Fərrux Qasımov

İ.Həsənov istintaq davam etdiyindən, hadisənin təfərrüatı barədə heç bir məlumat verməyib. Prokuror köməkçisi qeyd edib ki, Rəşad hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb".

Həbs müddəti bitdikdən sonra Rəşad Böyükkişiyev Rusiya Federasiyasına gedib. Lakin orada da azadlıqda çox qala bilməyib. Həbsdən çıxdıqdan cəmi 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs — Fərrux Xəqani oğlu Qasımovun "Facebook" sosial şəbəkəsindəki paylaşımlarından görünür ki, o, şiə məzhəbli radikal dindardır. F.Qasımovun ən son paylaşımları ötən ilin oktyabrında göstərir. O, bir qrup saqqallı tanışları ilə çay süfrəsi ətrafında şəkil çəkdirib və fotonun şərh yerinə yazıb ki, “İnşallah Kərbəla yürüşünə hazırlığa çox az qaldı”.

F.Qasımovun digər video paylaşımında bir qrup dindar yürüş edir. Yürüşün önündə gedən maşına isə İran inqilabının lideri Xomeyninin şəkli vurulub.

F.Qasımovun paylaşdığı başqa videolarda Aşura mərasimlərindən kadrlar var. O, hətta ABŞ-da şiələrin Aşura mərasimindən də video paylaşıb.

Onun qardaşı Ramin Qasımov hazırda №6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 2016-cı ildə o,xuliqanlıq məqsədilə ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətində azadlıqdan məhrum edilib.

QMİ Gəncə hadisələrinə reaksiya verdi

Mahir Bəyalıyev isə sosial şəbəkələr vasitəsilə Gəncə küçələrində qanunsuz aksiyaların və zorakılığın əsas təhrikçilərindən biridir.

O, polislərin qətlinə çağıran təxribat xarakterli postlar dərc edib. Bəyalıyevin belə postlarından birini diqqətinizə çatdırırıq:

“Qardaşlar, polisləri öldürmək vaxtı gəlib çatdı. Əgər biz silahlı dəstələr yarada bilsək, bizi qələbə gözləyir. Birləşmək və polislərə dərs keçmək lazımdır”.

Radikal əhval-ruhiyyəli Bəyalıyev hətta onun baxışlarını bölüşməyən keçmiş həyat yoldaşını amansızlıqla qətlə yetirib.

Ən təəccüblüsü isə odur ki, kriminal anlayışlarla hərəkət edən bu adamlar din pərdəsinə bürünüblər…