CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dahi şairimizin ölümündən 100 il keçir

Möhtəşəm "Vətən" şeirinin müəllifi, görkəmli maarifçi Abbas Səhhətin vəfatından 100 il keçir
Sputnik

BAKI, 24 may — Sputnik. Bu gün görkəmli şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi Abbas Səhhətin (Abbasqulu Əlabbas oğlu Mehdizadə) vəfatından 100 il keçir.

Abbas Səhhət 1874-cü il mayın 24-də Şamaxıda ruhani ailəsində dünyaya gəlib. Məşhəd və Tehran şəhərlərində tibb təhsili alıb. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.

"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir.

1912-ci ildə şairin öz şeirlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, şeir pərisi və şəhərli" adında romantik poeması nəşr olunur.

Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olub. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanıb, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərib.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman qərbçiliyi" ideyasını dəstəkləyib.

Şair həm də Mirzə Ələkbər Sabir ilə yaxın dost olub.

Azərbaycanda yəqin ki, Abbas Səhhətin "Vətən" şeirindən heç olmasa bir parçanı bilməyən şəxs yoxdur:

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək

Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu.

Südüdür ki, dolanib qanım olub,

O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,

Naxələflər ona qurban olmaz.

Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,

Olsa da ol şəxsdə vicdan olmaz!