Nazirlik əhaliyə xəbərdarlıq edir

Bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir
Sputnik

BAKI, 10 İYUL — Sputnik. İyulun 11-də hava şəraitinin günəşli olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Sabahın proqnozu açıqlandı: Hava, temperatur, dəniz suyu

Şimal Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyyə edirik.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Əhaliyə tibbi-meteoroloji xəbərdarlıq da edilib. Belə ki, iyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.