SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident Qarabağ, ordu və hərbi potensialdan danışdı

"Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik - həm say baxımından, həm silahların növü baxımından"
Sputnik

BAKI, 9 iyul — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

"Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, — əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, — erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq", — deyə dövlət başçısı əlavə edib.

İlham Əliyev “Dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər etdi

"Ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi — bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir"- deyə Prezident əlavə edib.

"Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən. O vaxt Azərbaycanda anti-milli, satqın hakimiyyət hökm sürürdü, fərarilər hakimiyyəti hökm sürürdü. Həmin o fərarilərin tör-töküntüləri bu gün də özlərini müxalifət adlandırırlar. O vaxt qaçıb gizlənmişlər, ölkəmizi bərbad vəziyyətə qoymuşlar, torpaqlarımızı satmışlar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmamışdır. Bax bu səbəblərdən o vaxt Ermənistan xarici dövlətlərin birbaşa iştirakı və dəstəyi ilə torpaqlarımızı zəbt edib. Amma indi bizdən şikayət edir, beynəlxalq təşkilatlara müraciət edir ki, gəlin, bizə kömək edin, gəlin, Azərbaycan bizi boğacaq. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içində yaşayan ölkələr, insanlar daim stress içindədirlər. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürük və daha da böyük fəsadlar ola bilər", — deyə dövlət başçısı vurğulayıb.

İlham Əliyev hərbi paradı nümunə göstərib: "Bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərdi".

"Azərbaycan ordu quruculuğu istiqamətində inamla irəliləyir. Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik — həm say baxımından, həm silahların növü baxımından. Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaq və hazır vəziyyətə gətirək. Bu il büdcəmizə edilən dəyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaq" — deyə prezident qeyd edib.