CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“O, iki gün öncə bizim ofisdə idi” - Süleymanov qətlə yetirilən Smit ailəsi barədə

"Gürcüstanda Smit ailəsinin ölümü ətrafında xeyli şayiələr gəzir, lakin bu təsadüfü ölüm deyil”
Sputnik

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. “Gürcüstanda öldürülən Rayan Smit məndən uşaq meydançasının tikintisində kömək istəmişdi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Gürcüstan parlamentinin "Milli Birlik Hərəkatı" partiyasından olan deputatı Azər Süleymanov bildirib.

Gürcüstanda Smit ailəsi – kişi, qadın və onların dörd yaşlı uşağı qətlə yetirilib. Rayan və Laura Smit və onların balaca oğlu Duşeti rayonunda Xada dərəsində itkin düşüblər. Rayan və Lauranın cəsədləri iyulun 7-i, uşağın cəsədi isə iyulun 9-u tapılıb.

Hazırda bu işlə bağlı 19 yaşlı M.K saxlanılıb. Onun ailəni şəlaləyə qədər ötürdüyü iddia olunur.

Rayan və Laura Smit övladları ilə

İstintaq iddia edir ki, iyulun 4-ü Xada dərəsində olan şəlalələrdən birinin ərazisində ailə üzvləri ilə onları müşayiət edən şəxs arasında mübahisə yaşanıb. Nəticədə şübhəli bilinən şəxs Rayan Smit və onun oğlunu ov tüfəngi ilə güllələyib, Laura Smit isə qaçmağa çalışıb, amma bu zaman dərəyə yuvarlanıb və ölüb. Bundan sonra saxlanılan şəxs uşağın cəsədini gizlədib, onun atasının nəşini isə cinayət yerində qoyub.

Qeyd edək ki, daha əvvəl Rayan Smit Azərbaycanda yaşayıb. O, burada ingilis dili tədris edib, həmçinin xalça toxumağı öyrənib. Daha sonra o, ABŞ-a köçərək orada evlənib və bir müddət sonra azərbaycanlıların kompakt yaşadığı Marnueli rayonuna (Kvemo Kartli regionu) köçüb.

2011-ci ildə Smit Gürcüstanda Azərbaycan xalçalarının populyarlaşdırılması və bərpası işləri ilə məşğul olan "ReWoven" təşkilatı yaradıb.

Süleymanovun sözlərinə görə, Smit ailəsinin ölümü ilə bağlı xəbər Marneuli üçün çox xoşagəlməz xəbər olub.

"Biz dost idik. Ölümündən iki gün əvvəl o, "Milli Hərəkatın" ofisinə gəlmişdi. Smit məndən uşaq meydançasının tikintisində yardım istəyirdi" — deyə deputat qeyd edib.

Sputnik-in həmsöhbəti vurğulayıb ki, Rayan Smitin böyük planları var idi, o olduqca aktiv insan idi, Azərbaycan dilini çox gözəl bilirdi, Azərbaycan xalçaları ilə məşğul idi. Belə bir insan öldürülməsini eşitmək olduqca xoşagəlməzdir.

Hazırda onun ölümü haqqında xeyli şayiələr gəzir, lakin bunun təsadüf olmadığı dəqiqdir. Parlamentari vurğulayıb ki, Smit düşünmədən ailəsini onların təhlükəyə məruz qala biləcəyi yerə aparacaq adam deyilmiş. O, eyni zamanda əlavə edib ki, hələlik istintaq gedir və ona görə də heç kim konkret nəsə deyə bilməz.

Gədəbəydə qətl törədilib: Öldürüb, meyitini yol kənarına atdılar

O, vurğulayıb ki, qətlin əvvəlcədən planlaşdırıldığını da demək olduqca çətindir. Ola bilsin ki, onları sadəcə qarət etmək istəyiblər.

Süleymanov baş verənləri böyük faciə adlandırıb. O, qeyd edib ki, bu olduqca ziyali ailə olub, amerikalılar onun evindən bir neçə ev aralıda ev kirayə götürüblər: “Smit ailəsini tanıyan hər kəs başsağlığı verir, onların ölümü hamı üçün şok idi”.

“Onun ofisinin olub-olmadığını bilmirəm. Lakin o, insanlarla, xüsusi ilə gənclərlə çox ünsiyyətdə olurdu. O, Azərbaycan xalçalarının populyarlaşdırılması ilə məşğul olur, gürcü dilini öyrənir və ingilis dilini tədris edirdi. Smit gənclər arasında çox populyar idi" — deyə deputat bildirib.

Deputat bildirib ki, Smit ailəsi son 6-7 il ərzində Marnuelidə yaşayıb. Buna qədər isə Rayan Azərbaycanın Şəki şəhərində yaşayıb və işləyib. O, burada Azərbaycan dilini gözəl öyrənib.

"Mən onları hansı səbəbdən öldürülməsini təsəvvür edə bilmirəm. Mənə məlum olduğu qədər, hazırda mümkün siyasi motivlər də nəzərdən keçirilir. Hərçənd məişət zəminində münaqişə versiyası da istisna edilmir" — deyə Süleymanov qeyd edib.

Sputnik-in həmsöhbəti qeyd edib ki, Gürcüstanda həmişə əcnəbilərə xoş davranıblar. ABŞ vətəndaşlarının bu cür zorakı yolla qətlə yetirilməsini bir səbəbi olmalıdır. Xüsusilə də, indi belə söhbətlər gəzir ki, ailə ora elə-belə yox, kiminsə dəvəti ilə gedə bilər.

Gürcü politoloq Gela Vazadze də Smit ailəsinin öldürülməsinin Gürcüstan üçün çox faciəvi hal olması ilə razılaşıb. Çünki belə bir dəhşətli hadisə Gürcüstanda ilk dəfədir ki, baş verir.

"Çox təəssüflər olsun ki, şərəfsiz qatilin qurbanları Qafqazı sevən və həyatlarını ona sərf edən insanlar oldu. Bu dəhşət və ədalətsizlikdir" — deyə Sputnik-in həmsöhbəti vurğulayıb.