BAKI, 9 iyul — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 9-da İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Amman ölkəmizə səfərindən məmnunluğunu bildirərək dedi ki, gəlişlərində məqsəd Azərbaycanda gedən inkişaf prosesləri ilə tanış olmaqdan və ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı məsələləri müəyyənləşdirməkdən ibarətdir. Eyni zamanda, qonaq səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində iştirakı ilə bağlı daha ətraflı məlumat almaqdan maraqlı olduğunu dedi. Yohan N.Şnayder-Ammann İsveçrə ilə Azərbaycan arasında Dünya Bankı və Beynəlxalq Valyuta Fondu çərçivəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi.
Qonaq TANAP layihəsinin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırdı. O, prezident İlham Əliyevin hər il Davos İqtisadi Forumunda iştirakına görə minnətdarlığını bildirdi.
Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin çox uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Prezident İlham Əliyev müxtəlif sahələrdə biznes əlaqələrinin genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu vurğuladı və bu baxımdan ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsi, qarşılıqlı investisiyaların qoyulması sahəsində yaxşı təcrübənin olduğunu dedi.
Yohan N.Şnayder-Ammann ilə Davosda görüşünü xatırlayan prezident İlham Əliyev bildirdi ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək və əməkdaşlığımız bundan sonra da genişlənəcək.
Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Azərbaycan iqtisadiyyatı gələcək illərdə də daha da inkişaf edəcək, ölkəmiz xeyli sayda sənaye və infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırır və Azərbaycan bu işlərdə İsveçrə şirkətlərinin iştirakında maraqlıdır.
Söhbət zamanı qeyd olundu ki, İsveçrə-Azərbaycan Bakıda keçirilən Biznes Forumu və orada həm İsveçrədən, həm Azərbaycandan böyük sayda biznes nümayəndələrinin iştirakı iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.