Ərdoğanın inauqurasiyasında hansı ölkələr hansı səviyyədə təmsil olunacaq - Təfərrüat

TBMM-də baş tutacaq andiçmə mərasimindən sonra Ərdoğan Anıtkabiri ziyarət ediləcək
Sputnik

BAKI, 9 iyul — Sputnik. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi keçiriləcək. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Novruz Məmmədov Ərdoğanın andiçmə mərasiminə qatılacaq

Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək mərasimə 22 prezidentin, 28 baş nazir və parlament sədrinin, həmçinin 6 beynəlxalq təşkilatın baş katibinin iştirak edəcəyi gözlənilir. Andiçmə mərasimindən sonra Ərdoğan Mustafa Kamal Atatürkün məzarı – Anıtkabiri ziyarət ediləcək. Bu mərasimdən sonra isə inauqurasiya mərasiminə qatılacaq qonaqların şərəfinə ziyafət veriləcək.

Ərdoğanın andiçməsinə bu ölkə prezidentləri qatılacaq: Bolqarıstan prezidenti Rumen Radev, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Makedoniya prezidenti Gyorgi İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovina şura sədri Bakir İzetbeqoviç, Serbiya prezidenti Aleksandr Vuçiç, Kosova prezidenti Haşim Taçi, Qətər əmiri Seyx Tamim bin Hamad əl-Sani, Pakistan prezidenti Memnun Hüseyn, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Qırğızıstan prezidenti Sooranbay Jeenbekov, Sudan prezidenti Ömər Əl Bəşir, Qveniya prezidenti Alfa Konde, Zambiya prezidenti Edqar Lunqu, Qviniya Bissau prezidenti Joze Mario Vaz, Ekvatorial Qvineya prezidenti Teodoro Obıang, Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd Farmojo, Movritaniya prezidenti Mohamed Ould Abdel Aziz, Qabon prezidenti Ali Bongo Ondimba, Çad prezidenti İdriss Deby Itno, Cibuti prezidenti İsmail Omar Guelleh, Venesuela prezidenti Nicolas Maduro Türkiyəyə gələcək.

Bundan əlavə, inauqurasiya mərasiminə Azərbaycanın baş naziri Novruz Məmmədov, Rusiyanın baş naziri Dmitri Medvedyev, Macarıstanın baş naziri Viktor Orban, Albaniyanın baş naziri Edi Rama, Ukraynanın baş naziri Vladimir Qroysman, Qazaxıstanın baş naziri Bakıtcan Sağintayev və digər rəsmilər qatılacaqlar.

Qeyd edək ki, Türkiyə prezidenti andiçmə mərasimindən sonra ilk xarici ölkə səfərini sabah Azərbaycana edəcək.

Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İYİ Partiyasının namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduğu "Cümhur İttifaqı" 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lik baryeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaq halında getdiyinə görə MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir.

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74% — 146 mandat), HDP-nin (11.7% — 67 mandat) və İYİ Partiyasının (10.07 — 45 mandat) qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.