Türkiyə ordusu daxilində anti-terror əməliyyatı: 346 hərbçi tutuldu

Saxlanılan şəxslər arasında ehtiyatda olan general və hazırda ordus sıralarında olan 10 polkovik də var
Sputnik

BAKI, 6 iyul — Sputnik. Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlılığı olan hərbçilərə qarşı genişmiqyaslı əməliyyat başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 346 hərbçiyə qarşı əməliyyat Türkiyənin 48 vilayətində həyata keçirilib.

İstanbul Baş Prokurorluğunun qərarı ilə həyata keçirilən əməliyyatlarda saxlanılma qərarı verilən şəxslərin böyük əksəriyyətinin hazırda xidmətdə olan hərbçilər olduğu bildirilir. Saxlanılan şəxslər arasında ehtiyatda olan general və hazırda ordu sıralarında olan 10 polkovnik də var.

Türkiyədə yenə FETÖ "fırtınası" qopdu, ordu çalxalanır

İzmir Prokurorluğu tərəfindən sanksiyalaşdırılan əməliyyatlar isə Türkiyənin 30 vilayətində aparılıb. Bu əməliyyatlar nəticəsində 59-u hazırda ordu sıralarında olmaqla, ümumilikdə 75 nəfər həbs edilib. Əməliyyatlar çərçivəsində saxlanılan şəxslərin evlərindən elektron sübutlar aşkarlanaraq müsadirə olunub.

Qeyd edək ki, bir həftə əvvəl də Türkiyədə FETÖ-yə üzv olan hərbçilərə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Batman məhkəməsi 57 yüksək rütbəli hərbçi barədə qərar çıxarıb.

Məlumata əsasən, 28 vilayətdə başladılan əməliyyatlar nəticəsində 1 polkovnik-leytenant, 3 mayor, 1 kapitan, 8 baş leytenant, 1 leytenant, 32 digər rütbəli zabit və 11 çavuş saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam edir.

Xatırladaq ki, təkcə may ayında FETÖ araşdırmaları çərçivəsində hərbçilərə qarşı bir neçə əməliyyat keçirilib. Ümumilikdə bu əməliyyatlar zamanı 505 hərbçi həbs edilib. Belə ki, mayın 15-də Türkiyədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbçilərinə qarşı da əməliyyat keçirilib. FETÖ ilə əlaqəsi sübut olunan HDQ-nin 34 hərbçisi haqqında həbs qərarı çıxarılıb. Onlardan 31-i yüksək rütbəli hərbçidir.

Mayın 11-də də Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən FETÖ şəbəkəsinə qarşı irimiqyaslı əməliyyat keçirilib. Əməliyyat İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı əsasında baş tutub. Həmin prosesdə ümumilikdə 300 hərbçi saxlanılıb. Onlardan 211-i yüksək vəzifəli zabitdir. Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib.