CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda məşhur təhsil ocaqlarından biri bağlandı

Liseyin təsisçisi Təhsil Nazirliyinə müraciət edib
Sputnik

BAKI, 6 iyul — Sputnik. Ölkədə kifayət qədər tanınan "İstək" liseyi bağlanıb. Bu barədə Sputnik Azərbaycana "İstək" liseyində təhsil alan şagirdlərdən birinin valideyni xəbər verib.

Onlar bildirib ki, lisey ləğv olunub, Təhsil Nazirliyi yeni dərs ilinə kimi şagird və müəllimləri digər təhsil ocaqlarına köçürəcək.

Artıq “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.

Müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə kömək göstərilməsi məsələləri əksini tapıb.

Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən “İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədi ilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Təhsil Nazirliyi “İstək” liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırır ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.