TƏHLİL

Azərbaycanı qaranlığa qərq edən Mingəçevir qəzasının qaranlıq tərəfləri aydınlaşdı

Mütəxəssis Mingəçevirdə baş verən qəzanın səbəblərinə aydınlıq gətirdi
Sputnik

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Hazırda Azərbaycanın elektrik enerjisi müəssisələrinin bütün gücünün üçdə ikisi Xəzərin sahilindədir, lakin turbinlərin konstruksiyasının düzgün seçilməməsi ucbatından Bakını stabil olaraq elektriklə təmin etmək mümkün olmayıb. Buraxılan səhvlər və blekautun mümkün səbəbləri barədə Sputnik Azərbaycan-a müsahibəsində Mühəndislər və Energetiklər Cəmiyyətinin rəhbəri Rəsul Süleymanov danışıb.

Rayonlarda və paytaxtın bir hissəsində elektrik böhranı davam edir

Süleymanovun sözlərinə görə, yeddi il əvvəl Azərbaycanın böyük maliyyə vəsaitləri var idi və ölkənin enerji sistemini təcili bərpa etmək qərara alındı: "Sovet İttifaqı dövründən qalan köhnə avadanlıqlar yeni buxar-qaz stansiyaları ilə əvəz edildi. Nəticədə 780 meqavatt gücündə olan "Cənub" Elektrik Stansiyası, Sumqayıtda 525 meqavatt gücü olan elektrik stansiyası, 400 meqavatt gücü olan "Şimal" elektrik stansiyası, 405 meqavatt gücü olan başqa bir stansiya və buxar-qaz stansiyaları tikildi".

"Lakin avadanlığın alınması və quraşdırılması zamanı bir vacib məqam diqqətdən qaçıb. Hərarət 25 dərəcədən yüksək olanda hər bir artan dərəcə ilə stansiyanın faydalı iş əmsalı (FİƏ) bir faiz düşür. Ümumilikdə, 40 dərəcəlik istidə stansiya gücünün yarıdan çoxunu itirir. Ona görə də "Şimal", "Sumqayıt" və "Cənub" stansiyaları Bakını sabit elektrik enerjisi ilə təmin edə bilmədi" — Süleymanov vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, bütün bunlarla yanaşı, təkcə Bakı və Bakı ətrafında pik saatlarda kondisionerlərin işləməsi üçün 1500 meqavatt elektrik enerjisi lazımdır: "Yəni, Mingəçevirdəki Azərbaycan İES-də qəza zamanı zəif stansiyalar güclərini artırmayaraq domino daşları kimi dağılıb. Qışda onların göstəriciləri yaxşıdır, çünki qaz-buxar stansiyalarının səmərəliliyi 62%-ə çatır. Lakin indi, istidə onlar sadəcə 25% güc yığa bilir".

Cəmiyyət rəhbəri bildirib ki, turbin kondensatını soyutmaq üçün su lazımdır: "Çox yəqin ki, bu barədə məlumat verilməsə də, o, qızıb və stansiyaların gücləri kəskin şəkildə düşüb. Bununla yanaşı, Sumqayıtdan buxar-qaz sistemini soyutmaq üçün vurulan dəniz suyu çirkli ola bilər. Dənizdə yaranan lil filtrləri tutur. Bu filtrlər vasitəsilə isə güclü nasoslar buxarı soyutmaq üçün suyu çəkirlər".

"Əgər kondensat soyutmursa, daxildə təzyiq artır və stansiya avtomatik olaraq işini dayandırır. Beləliklə, 2000 meqavatt güc əvəzinə Azərbaycanın şərq hissəsində 800-1000 meqavatt güc olub" — deyə ekspert bildirib.

Onun sözlərinə görə, "Şimal" və "Sumqayıt" İES-lərin borularının uzadılması üçün maliyyə ayrılmalıdır ki, dənizin dərinliklərindən təmiz və daha sərin su götürülə bilsin: "Tənzimləmə sisteminə gəldikdə isə, güc çatmayanda sadəcə obyektlər bir-bir söndürülür. Amma onlar bu dəfə bunu etməyiblər. Mingəçevirdəki İES-də qəza baş verəndə Dispetçer Xidmətində metro və bəzi başqa strateji vacib obyektlərin işini təmin etmək üçün bəzi rayonların elektrikini kəsməli idilər. Sonra isə nasazlıqlar aradan qaldırıldığında növbə ilə elektriki verməli, sistemin 90% sönməsinə imkan verməməli idilər".

Prezident fövqəladə müşavirədə: Təşəkkür, tapşırıq, cəzalandırılacaq şəxslər...

"Belə səhvlərə görə Stalinin vaxtında güllələyirdilər, Brejnevin vaxtında isə işdən çıxarırdılar. Azərbaycan prezidentinin baş verənlərlə bağlı nə qərar qəbul edəcəyini zaman göstərəcək" — Süleymanov bəyan edib.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə havaşəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Bunun nəticəsində ölkənin əksər hissəsində iki gün ərzində elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaşanıb, problemlər metropolitenə və su təchizatına da keçib.

Qəza yerində dərhal təmir işlərinə başlanıb. Növbəti gün yenidən qəza baş verib və ölkənin əksər hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Dünən dövlət başçısı məsələ ilə bağlı müşavirə keçirib və lazımi tapşırıqlarını verib. Hazırda iş üzrə yaradılmış Dövlət Komissiyası araşdırma aparır. Proses prezident İlham Əliyevin şəxsən nəzarətindədir.