Hər şeyi qadağan etmişdilər, növbə buna da çatdı

İran Baş Prokurorun müavini Məhəmməd Müsəddiq ölkədə "Instagram"dan istifadənin qadağan olunacağını bildirib
Sputnik

BAKI, 5 iyul — Sputnik. İran Baş prokurorun müavini Məhəmməd Müsəddiq ölkədə daha bir sosial şəbəkənin sonunun çatdığı barədə xəbərdarlıq edib. Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, Müsəddiq, ölkədə ən çox istifadə edilən sosial şəbəkələrdən olan "Instagram"ın qadağan olunacağını deyib.

Müsəddiq, qadağanın nə zaman həyata keçiriləcəyinə dair məlumat verməyib. O, bu qərarın əsasında, ölkədəki bəzi sənətçilərin ehtiyacı olan şəxslər üçün "Instagram" üzərindən yardım yığması zamanı sui-istifadələrə yol verdiklərinin dayandığını bildirib.

Qeyd edək ki, İranda Facebook, Twitter kimi sosial şəbəkələrin istifadəsi qadağandır. Ötən ilin dekabr ayında Məşhəd şəhərindən başlayaraq digər şəhərlərə rejim əleyhinə etirazlar olaraq yayılan aksiyalardan sonra "Teleqram" da bağlanmışdı. Ötən həftə ölkədə dolların sürətlə bahalaşmasına etiraz edən əsnaflardan sonra "Instagram"ın bağlanması qərarının verilməsi diqqət çəkir.