Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 5 iyul — Sputnik. Atom elektrik stansiyası (AES) xeyli dərəcədə risklidir, lakin bu risklər uzunmüddətli istifadə zamanı gələn fayda ilə kompensasiya edilir. Bunu Sputnik Azərbaycan-a politoloq, Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev deyib.
Məlum olduğu kimi, iyulun 3-ü və 4-ü "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-də qəza baş verib. Nəticədə İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Bunun nəticəsində ölkənin əksər hissəsində iki gün ərzində elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaşanıb. Problemlər metropolitenə və su təchizatına da keçib.
Baş verənlərlə əlaqədar Karavayev hesab edir ki, Azərbaycan öz ərazisində atom elektrik stansiyası tikməlidir. Onun fikrincə, bu, dövlət üçün strateji cəhətdən sərfəli olacaq.
Ekspert qeyd edib ki, əgər Azərbaycan texnologiya və iqtisadi inkişafa görə dünyanın ilk iyirmi ölkəsinin sırasına düşmək istəyirsə, nəzərə almalıdır ki, bütün dünya liderləri iqtisadi və sənaye inkişafının hərəkətverici qüvvələrindən biri kimi məhz nüvə energetikasını seçiblər: "Aydındır ki, bu yeni iş yerləri açmaq baxımından bir çox sahələrin mütəxəssislərini bir yerə toplamağa imkan verən alternativ energetikanın inkişafını ləğv etmir. AES-də bir yer (söhbət bir neçə raktor bloku olan bir AES-in istismarından gedir) "Rosatom"un qiymətləndirməsinə görə, oxşar sahələrdəki 10 iş yeri deməkdir".
Həmsöhbətimiz xatırladıb ki, Azərbaycanda artıq Milli Nüvə Tədqiqatları Mərkəzi mövcuddur, demək dövlət bu istiqamətdə hansısa addımları artıq atıb: "Deməli AES boş yerdə yaradılmayacaq. Bundan əlavə, Azərbaycanda AES qurulması ölkənin dünyanın iqtisadi liderləri ilə yaxınlaşması üçün əlavə amil ola bilər. Yəni, bu, prosesdə mütləq iştirak edəcək Rusiya (nüvə texnologiyaları üzrə dünyanın əsas ixracatçılarından biri) və yüksək texnologiya şirkətləri ilə Azərbaycanın kifayət qədər uzunmüddətli əlaqələri olan Fransa ilə əlavə qarşılıqlı fəaliyyət xətti olacaq".
"Ona görə də burada Azərbaycan eyni zamanda bu iki istiqamətdən istifadə edə bilər. Yalnız "Rosatom"la əməkdaşlığa bel bağlamaq mütləq deyil. Əlbəttə, əsas kimi Rusiyanın baza layihəsini götürmək olar, avadanlığı isə fransız şirkətləri təmin edə bilərlər" — deyən Karavayevin sözlərinə görə, burada təbii ki, stansiyanın fiziki təhlükəsizliyi ilə bağlı da aspektləri var.
"Yəni, stansiyanın qorunması ilə bağlı xüsusi bölmələrin yaradılması da təbiidir. Əlbəttə, Azərbaycan stansiyanın yerləşdiyi rayonu hava hücumundan müdafiə sistemi səviyyəsində təchiz etmək imkanı qazanacaq. Bu isə iqtisadiyyat və təhlükəsizliyi inkişaf etdirmək üçün əlavə imkanlar açır" — ekspert bildirib.
Mütəxəssis işin maliyyə tərəfinə də toxunub: "Əlbəttə, bütün bunlar xərc tələb edir. Lakin başa düşmək lazımdır ki, strateji perspektivdə bütün xərclər kompensasiya ediləcək. Aydındır ki, hasil olunan qazı ixrac etmək mümkün ikən, onu ənənəvi energetikanın inkişafına yönəltməyə ehtiyac yoxdur. Eyni sözləri İES üçün mazut barədə də demək olar. Bundan əlavə, Azərbaycan perspektivdə elektrik enerjisini Gürcüstana və Türkiyənin şərq rayonlarına sata, həmçinin "Şimal-Cənub" nəqliyyat layihəsini elektriklə təmin edə bilər".
Belə bir stansiyanın Azərbaycana neçəyə başa gələcəyinə gəlincə: "Qeyd etmək yerinə düşər ki, Türkiyədə tikilən "Akkuyu" və İrandakı "Buşer" kimi güclü AES-lər lazım deyil. Azərbaycan üçün orta güclü, 5-7 milyard avroya başa gələ biləcək orta güclü stansiya kifayətdir".
Karavayev xatırladıb ki, 80-ci illərdə Mingəçevirdə artıq AES tikmək istəyiblər: "Həmin stansiya Çernobıl AES tipli olmalı imiş. Lakin o vaxt Moskvada işləyən Heydər Əliyev buna qarşı çıxıb və tikintini ləğv etməyə nail olub (bu stansiya sonradan Ermənistanda tikilib — red.). Onda layihəni tikiləcəyi yerin tektonik cəhətdən qeyri-sabit olması ilə bağlı tənqid edirdilər. Bundan əlavə, onun ekoloji etibarlılığı barədə bəzi mübahisələr var idi. Həmin dövr üçün çox güclü və obyektiv arqumentlər gətirilirdi".
Ekspert, həmçinin, xatırladıb ki, həmin illərdə eyni səbəbdən Krımın Şelkino şəhərində də AES tikilməsindən imtina edilib.
Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, bu gün artıq həmin hadisələrdən 30-35 il keçib və həmin məsələlər həllini tapıb: "İndi 12 ballıq qısamüddətli seysmoloji təkanlara davam gətirən AES-lər tikilir. Fəlakət nümunələri də mövcuddur, lakin onlar istisnadır. AES-in riskləri onun gətirdiyi fayda ilə örtülür. Burada əsas məsələ bu layihədə və onun təhlükəsizliyində qənaət etməməkdir. Əgər siz qənaət etməyib artıq öz effektivliyini göstərmiş texnologiyadan istifadə edirsizsə, onda siz hansısa qəzanın baş verməsindən etibarlı müdafiə olunacaqsız".
A.Karavayevin fikrincə, Avropada mövcud olan AES-lərə baxmaq kifayətdir: "Onda görəcəksiz ki, stansiyaları kifayət qədər sıx məskunlaşma olan ərazilərdə tikirlər və heç bir qəza baş vermir. Qəzalar əlbəttə ki, mümkündür. Lakin eyni sözləri aviareyslər haqqında da demək olar. Təyyarələr qəzaya uğramır? Uğrayır. Onda gəlin uçmayaq. Ona görə də hələlik "Azərbaycana AES lazımdır" tezisinin lehinə arqumentlər kifayət qədərdir".