HADİSƏ

Bakıda dörd nəfər bəxbəxt hadisə nəticəsində öldü

Ötən sutka ərzində Bakının Xəzər və Binəqədi rayonlarında ölümlə nəticələnən dörd bədbəxt hadisə baş verib
Sputnik

BAKI, 5 iyul — Sputnik. Ötən sutka ərzində Bakının Xəzər və Binəqədi rayonlarında ölümlə nəticələnən dörd bədbəxt hadisə baş verib. Qurbanlar arasında 3 yaşlı uşaq da var. Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyulun 4-də saat 09:00 radələrində Buzovna qəsəbəsində 2015-ci il təvəllüdlü Atakişiyev Həsən Rauf oğlu hovuzda boğulub. Evin həyətində gəzən uşaq hovuza düşüb və oradan çıxa bilməyib. Böyüklər balacanı tapanda artıq çox gec olub. 

Ağır qəza yenə can aldı, xəsarət alanların arasında uşaq da var

Digər bir xoşagəlməz hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. İyulun 4-də saat 21:00-da "Atçılıq" yaşayış massivindəki evlərdən birinin həyətində orada yaşayan 1972-ci il təvəllüdlü İsmayılov Faiq Alış oğlunun cəsədi tapılıb. Adam başından zədə alıb. O, tək yaşadığından, heç kəs ölümün necə baş verdiyini bilməyib. Ölümün baş vermə səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olub. Sən demə, İsmayılov yıxılıb və başı yarılıb. Köməksiz vəziyyətdə qalan adam həyatını itirib.

Növbəti bədbəxt hadisə Buzovna qəsəbəsində yaşanıb. Burada günorta saat 13:10 radələrində sifarişçinin evini təmir edən ustanı elektrik çarpıb. Ölənin yerli sakin, 1985-ci il təvəllüdlü Nəcəfov Elşən Hacıağa oğlu olduğu məlum olub.

Binəqədi rayonundakı yeni tikilmiş binalardan birinin səkkizinci mərtəbəsinin balkonundan isə 1934-cü il təvəllüdlü Şıxıyeva Şəkər Qasım qızı yıxılaraq ölüb. Hazırda faktın baş vermə şəraiti araşdırılır.