Yeni rəsmi xəbərdarlıq: Sabah axşamadək ehtiyatı əldən verməyin

Abşeron yarımadasında qızmar temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə risklidir
Sputnik

BAKI, 4 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 5-də hava şəraitinin günəşli olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək.

Qızmar havanın fəsadları ortaya çıxmağa başladı: Artıq 49 nəfər

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, günün birinci yarısında 39-41, ikinci yarısında 34-37, Bakıda gecə 25-27, günün birinci yarısında 41 dərəcəyədək, ikinci yarısında isə 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyulun 5-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi əsəcək. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında iyulun 5-də hava şəraitinin yağmursuz keçəçəyi gözlənilir, lakin axşam Böyük Qafqazın bəzi dağlıq yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 37-42, dağlarda gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq: İyulun 5-i axşamadək Abşeron yarımadasında qızmar temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə risklidir. Açıq havada uzun müddət qalmaq məsləhət deyil.