CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün metrodan istifadə edəcək insanlar bu xəbəri mütləq oxusunlar - TƏCİLİ

Bu gün Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək
Sputnik

BAKI, 4 iyul — Sputnik. Bu gün Bakı Metropoliteni qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından test rejimində fəaliyyət göstərəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BNA və “Bakı Metropoliteni” QSC-nin birgə məlumatında bildirilir.

Qeyd olunur ki, 03 iyul 2018-ci il tarixində “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb. Dərhal metro stansiyalarından və tunellərdən sərnişinlərin təxliyyəsinə başlanılıb. Proses qısa vaxtda uğurla başa çatdırılıb. 

"Bakı metropoliteni"nin bütün stansiyalarına giriş bağlanıb

Qəfil artan sərnişin sıxlığının aradan qaldırılması, əhalinin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlərin icrasına başlanılıb. Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb. Bütün metrostansiyalarının çıxışları, eləcədə Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilər müvafiq marşrut xətləri üzrə əlavə nəqliyyat vasitələri cəlb edilib. Nəzərdə tutulan tədbirlərin vaxtında və qüsursuz icrasını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinin mobil qrupları da fəaliyyət göstərib. Görülən təcili və təxirə salınmaz tədbirlər sayəsində qısa vaxtda metro stansiyaları ətrafında yaranan sərnişin sıxlığı aradan qaldırılıb. Həmçinin Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə 20 Yanvar dairəsindən birbaşa marşrut xətti təşkil edilib. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 20 ədəd iritutumlu avtobus cəlb edilib. Gecə saatlarında zərurət olduğu halda müvafiq marşrut xətləri üzrə sərnişinlərin daşınması həyata keçirmək üçün Bakı Nəqliyyat Agentliyinin ərazisində “BakuBus” MMC-yə məxsus nəqliyyat vasitələri hazır vəziyyətdə saxlanılıb.

Məlumat üçün bildiririk ki, qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək. Bunu nəzərə alaraq 04 iyul 2018-ci il tarixində də paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək. Səhər saatlarında sərnişindaşıma tədbirlərində fasiləsizliyin təmin edilməsi eyni zamanda digər zəruri tədbirlərin vaxtında icrasını təmin edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin iştirakı ilə toplantı keçirilib.

Bir daha bəyan edirik ki, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-i koordinasiyalı şəkildə fəaliyyət göstərir. Əhalidən mövcud vəziyyəti anlayışla qəbul etmələrini xahiş edirik.