CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədəki bütün idarə və müəssisələrə sərt təlimat verildi

Baş nazir hava şəraitinin kəskin isti keçməsi ilə bağlı sərəncam imzalayıb
Sputnik

BAKI, 4 iyul — Sputnik. Baş nazir Novruz Məmmədov ölkə ərazisində hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Yeni rəsmi xəbərdarlıq: Sabah axşamadək ehtiyatı əldən verməyin

Sərəncamda deyilir ki, iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəlləyə 2-ci əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət olunmasını tələb etsinlər.

Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin ikinci hissəsinə görə, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinə əsasən, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.