BAKI, 4 iyul — Sputnik. Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinə kredit ayrılmasını təsdiqləyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Məlumata görə, EBRD-nin Direktorlar Şurası Ukraynada keçirdiyi görüşdə TAP-a birbaşa olaraq 500 mln. avroya qədər krediti təsdiq edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.
EBRD-nin TAP üçün sindikatlaşdırılmış kreditin ayrılmasını isə bu ayın sonunda təsdiq etməsi gözlənilir.
TAP-ın ümumi dəyəri 4,5 mlrd. avro məbləğində qiymətləndirilir. Bu ilin əvvəlində Avropa İnvestisiya Bankı da TAP üçün 1,5 mlrd. avroluq krediti təsdiqləyib.
Bu il may ayının sonuna olan məlumata görə, TAP-ın inşası üzrə işlərin 74,6%-i icra edilib. Həmin dövrə TAP üzrə ümumi xərclərin həcmi isə 3 mlrd. avro təşkil edir.