BAKI, 2 iyul — Sputnik. "Ermənistan ilə Türkiyə arasında formal təbrik praktikası hələ 2014-cü ildə dayandırılıb". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tiqran Balayan "Rəsmi Yerevan yenidən prezident seçilməsi münasibəti ilə Rəcəb Tayyib Ərdoğanı təbrik edəcəkmi" sualını cavablandırarkən deyib.
Balayanın sözlərinə görə, 2014-cü ilə qədər ölkələr formal olaraq milli bayram münasibəti ilə bir-birilərini təbrik edirdi: "2014-cü ildə Ərdoğan prezident olduqdan sonra formal təbrik praktikası dayandırıldı".
O, həmçinin əlavə edib ki, hazırki siyasi vəziyyətdə və Türkiyədə seçkiöncəsi kampaniya zamanı səsləndirilən fikirlər nəzərə alınsa, Ermənistan-Türkiyə münasibətlərində hər hansı bir inkişaf gözləmək çətindir.
Qeyd edək ki, iyunun 24-ü Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçirilib. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin ilk turunda qalib gəlib.