CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cavanşir və Xətai mifik qəhrəmanlardır? - Millət vəkilindən qəribə iddia

Fazil Mustafa: "Tarixin dərinliyindən lazım olan-olmayan hamını yığıb gətirmişik ki, qəhrəmanımızdır"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bir müddət öncə Məmmədhüseyn Şəhriyar və Şah İsmayıl Xətainin adının ölkəmizdə layiqincə əbədiləşdirilməməsindən narazılıq edib. O bildirib ki, Şəhriyarın adına Azərbaycanda bir qəsəbənin belə, olmaması düzgün deyil: "Halbuki o, Azərbaycanın ən böyük şairlərindəndir".

"Bundan başqa, Azərbaycan dövlətinin banisi, 1 milyon kvadrat kilometrdən çox ərazidə dövlət qurmuş Şah İsmayıl Xətaiyə elə yerdə heykəl qoymuşuq ki, orda şəkil çəkdirmək istəyən turist mütləq avtoqəzaya düşəcək. Belə olmaz. qaçaq Koroğluya parkın ortasında heykəl qoyuruq, amma Şah İsmayılın heykəli yolun ortasındadır" — deyə millət vurğulayıb.

Təəssüflər olsun ki, S.Novruzovun bu fikirləri ilə razılaşmaya bilmirik. Millət vəkilinin fikirləri, tamamilə həqiqətdir. Hətta bəzi neqativ faktlar var ki, deputat onları sadalamadı. Belə xoşagəlməz vəziyyətlərdən biri də əksəriyyətimizin "Qaqarin" körpüsü kimi tanıdığı Cavanşir körpüsündə hökm sürür. Bir müddət əvvəl körpünün adını dəyişdirdilər. Körpü yaxınlığında Cavanşirin kimliyini izah etmək üçün isə, sadəcə məhəccərlərə kiçik simvolik heykəllər vuruldu.

Cavanşirin kimliyini öyrənmək istəyən yerli və ya əcnəbi şəxs əvvəlcə avtomobilini körpünün üzərində saxlamalı, qəza işıqlarını yandırmalıdır. Daha sonra körpünün məhəccərlərinə yaxınlaşaraq "cavanşiri" görməlidir. Ancaq görsə belə, onun kim olması barədə heç nə başa düşməyəcək.

Bu vəziyyət Şah İsmayıl Xətainin başıbəlalı heykəli üçün də keçərlidir. Heykəl əvvəllər Yusif Səfərov küçəsində salınmış parkda quraşdırılmışdı. Bir müddət əvvəl heykəlin ətrafındakı park söküldü, yol genişləndirildi. Heykəl isə simvolik olaraq ortada qaldı. Bu gün, millət vəkilinin dediyi kimi, Xətainin heykəli ilə şəkil çəkdirmək istəyi hər hansı bir əcnəbi üçün sadəcə arzu olaraq qalacaq.

Sputnik Azərbaycan məsələ ilə bağlı Milli Məclisin digər üzvü Fazil Mustafanın fikirlərini öyrənib. Deputat mövzu ilə bağlı, tamamilə başqa fikirlər səsləndirib. Onun fikrincə, Azərbaycanın gerçək qəhrəmanlarına, ümumiyyətlə heykəllər qoyulmayıb.

"Məhəmməd Əmin Rəsulzadəni, Nuru Paşanı, Feyzullah bəy Qacarı (Gəncə üsyanında böyük qəhrəmanlıq göstərib), Sulkeviçi (Azərbaycan ordusunun qərargah rəisi olub) tanıtmaq istiqamətində addımlar atmalıyıq" — deputat bildirib.

Fazil Mustafanın sözlərinə görə, tarixin mifik qəhrəmanlarını lap Şəhidlər Xiyabanında baş yerə qoysalar belə, heç nə dəyişməyəcək: "Biz Cavad xanı, gerçək qəhrəmanlarımızı tanıtmalıyıq. Mifik və yaxud da tarixdən bizə sırınan qəhrəmanlarla Azərbaycan xalqının gerçək mahiyyətini tanıtmaq olmayacaq".

"Millətin gələcəyi üçün faydalı olan insanları tanıtmağı düşünsək, məncə, daha yaxşı olar. Biz tarixin dərinliyindən lazım olan-olmayan hamını yığıb gətirmişik ki, qəhrəmanımızdır. Mən heykəllərin harada qoyulmasının müzakirə edilməsinin tərəfdarı deyiləm" — deyə o, qeyd edib.

Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün bir neçə memara da suallar ünvanladıq. Təəssüflər olsun ki, onlar suallarımızı cavablandırmaqdan imtina etdilər. Sanki bu mövzuda danışmaq marağında olmadıqlarını, məsələyə zaman sərf etmək istəmədiklərini nümayiş etdirdilər.

Vəziyyət belə olduqda, qəhrəmanlarımıza göstərilən başdansovdu, ögey münasibətin kökündə dayanan səbəblərdən birinin də memar məsuliyyətsizliyi olduğu aydın olur. Yəqin ki, gəldiyimiz bu nəticəyə görə, suallarımızı cavabsız qoyan memarlarımız bizdən inciməzlər…