BAKI, 29 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu dəyişikliklə avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumu artırılıb.
Dəyişikliyə görə, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 2500 manatdan 3000 manata qaldırılıb.
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1000 manatdan 1500 manata çatdırılıb.
Dövlət rüsumlarının Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.