CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Samuxda ilginc səbəbdən kənd sakinini güllələyiblər

Su yenidən Samux rayonunda "nifaq alması" rolunu oynayıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Su yenidən Samux rayonunda "nifaq alması" rolunu oynayıb. Lakin bu dəfə münaqişə az qala ölümlə nəticələnirmiş.

Samux rayonunda odlu silahla törədilmiş cinayətin üstü açılıb. Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Belə ki, bu il mayın 15-də rayonun Qarabağlar kəndində atəş səsləri eşidilib. Hadisə yerinə gələn Samux rayon Polis Şöbəsinin əməkdaşlarının araşdırması zamanı məlum olub ki, həmin gün artezianın gözətçisi Elsevər Qurbanovla yerli sakin Adil Behbudov arasında münaqişə baş verib. Nəticədə Behbudov ov tüfəngindən Qurbanova tərəf bir neçə dəfə atəş açıb.

Bakıda 56 yaşlı kişini güllələdilər

Lakin bu atəş nəticəsində Qurbanov deyil, Çobanabdallı kəndinin sakini Elsevər Kazımov güllə yarası alıb. O, boyun nahiyəsindən aldığı xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın müxbiri hüquq-mühafizə orqanlarından hadisənin nə səbəbdən baş verdiyini öyrənib. Hüquq mühafizəçilərinin sözlərinə görə, sözügedən rayonda hər dəfə yayın gəlişi ilə əlaqədar olaraq su üstündə münaqişələr baş verir. Yerli sakinlər əkin sahələrinin suvarılması zamanı su çatışmazlığından əziyyət çəkirlər və buna görə də, sahələrin suvarılmasını növbə ilə həyata keçirirlər. Bu dəfə də mübahisə su növbəsi üstündə baş verib. Adil Behbudov ona əsəbiləşib ki, Qurbanov onun su növbəsini başqasına verib. Kişilər arasında mübahisə davaya çevrilib və vəziyyəti belə görən Kazımov dalaşanları ayırmağa çalışıb. Lakin nəticədə özü zərər çəkib.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 29 və 120-ci maddələri (cinayət etməyə cəhd və adam öldürmə) ilə cinayət işi açılıb.