BAKI, 29 iyun — Sputnik. Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına direktor təyin edilib.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İsmayılzadə Naidə Məbud qızı Bakı şəhərində anadan olub.
O, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatrşünaslıq" fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981–ci ildə "Azərbaycanfilm" Kinostudiyasında başlayan N.İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor kimi işləyib.
1989-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, 2006 —2018-ci illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində çalışan N.İsmayılzadə burada işlədiyi müddətdə Nazirliyin İncəsənət İdarəsində baş inspektor, repertuar-redaktor kollegiyasının üzvü, baş mütəxəssis, Teatr sektorunun müdiri kimi vəzifələri icra edib. N.İsmayılzadə 2018-ci il iyun ayının 1-dək Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi Teatr sektorunun müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir. N.İsmayılzadə Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına əsasən respublikada keçirilən bir çox irimiqyaslı dövlət səviyyəli tədbirlərin, Bakı Beynəlxalq Teatr Konfransının, Cırtdan Beynəlxalq Kukla Teatrları Festivalının, Şəki Beynəlxalq Teatr Festivalının təşkilatçılarından, "Teatr və Teatr fəaliyyəti haqqında" Qanunun, "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının müəlliflərindən biridir. "Yaddan çıxmaz Qarabağ", "Deyilən söz yadigardır", "Bakıda teatr görüşləri" layihələrinin rəhbəridir.
N.İsmayılzadə bədii tərcümə ilə də məşğul olur. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən N.İsmayılzadə 2009-cu ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov isə yeni vəzifəyə təyinat alacaq.