"Həsən Dəmirçi bütöv Azərbaycan qurulması üçün mücadilə aparırdı"

Sabir Rüstəmxanlı: "Həsən Dəmirçi o taylı-bu taylı Azərbaycan üçün körpü idi"
Sputnik

BAKI, 28 iyun — Sputnik. Azərbaycan Respublikasında yaşayan güneyli mühacirlərin təşkilatçılığı ilə tanınmış musiqiçi, ictimai xadim Həsən Dəmirçinin anım günü keçirilib. Tədbirdə Həsən Dəmirçinin həyat və yaradıcılığı, Güney Azərbaycanın milli azadlıq mübarizəsində yeri barədə məruzələr dinlənilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı Həsən Dəmirçinin həyat yolu haqqında danışıb. O bildirib ki, Həsən Dəmirçi o taylı-bu taylı Azərbaycan üçün körpü idi.

İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçirilib

"O millətin ki, ruhu var, onun qarşısınında heç bir güc dayana bilməz. Bu gün Azərbaycan ziyalıları dünyanın müxtəlif yerlərində fəaliyyətlərini davam etdirirlər. Ancaq onların birlik şəklində fəaliyyət göstərə bilməməsi bizim problemimizdir. Həsən Dəmirçi bütöv Azərbaycan qurulması üçün mücadilə apardı. Bu gün onun qoyub getdiyi irs bizi onun ideyalarına daha da yaxınlaşdırmalıdır. Həsən Dəmirçi mübarizəsi ilə bizim fəaliyyət yolumuzu işıqlandırır" — S.Rüstəmxanlı vurğulayıb.

Daha sonra çıxış edən digər iştirakçılar da Həsən Dəmirçinin apardığı milli-mədəni mübarizədə qarşılaşdığı çətinliklər, məruz qaldığı təzyiqlərdən söz açıb, onun haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, İranda Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizə aparmış Həsən Dəmirçi (Həsən Azərbaycan) iyunun 24-də Təbrizin Alinəsəb xəstəxanasında ürək xəstəliyindən vəfat edib.