BAKI, 28 iyun — Sputnik. Bu gün Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas qrupunun iclası keçiriləcək. İclasda Əfqanıstanda keçiriləcək prezident və parlament seçkilərinə hazırlıq müzakirə olunacaq. Lakin daha əvvəl qeyd olunanın əksinə olaraq, bu tədbirdə "Taliban" təşkilatının iştirakı planlaşdırılmır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev məlumat verib.
"Əfqanlıstan hökuməti ilə "Taliban" arasındakı danışıqlar Kabildə keçiriləcək" deyə o bildirib.
Əfqanıstan üzrə Beynəlxalq Təmas qrupu 2009-cu ildə təsis edilib. Qrupa 60 dövlət və təşkilat daxildir.
Bakıda keçirilən iclasda qrupda iştirak edən ölkələrin və beynəlxalq təşkilatların 90-dək nümayəndəsi, həmçinin Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir.