BAKI, 28 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp qlobal ticarət müharibəsində yeni bir cəbhə açır. Çin, Avropa İttifaqı və Türkiyədən idxal edilən bəzi məhsullara əlavə gömrük vergisi tətbiq edən Tramp, İranın gəlir mənbələrini kəsmək üçün də hərəkətə keçib.
Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ müttəfiq ölkələrdən İrandan neft idxalını dayandırmağı istəyəcək. Çin və Avropa İttifaqı başda olmaqla, bir çox ölkələrlə ticarət müharibəsinə girən Tramp digər cəbhədə də İranla neft müharibəsinə başlayır.
İranla nüvə müqaviləsindən çıxan, Tehranın gəlir qaynaqlarını kəsməyə çalışan Trampın müttəfiq ölkələrdən bu ilin 4 noyabrınadək İrandan neft idxalını dayandırmağı tələb edəcəyi bildirilir. ABŞ Dövlət Departamentinin bir rəsmisi deyib ki, rəsmi Vaşinqton bir çox ölkələrdən İrandan neft idxalını dayandırmalarını tələb edib.
"İrana qarşı sanksiyalar 4 noyabrda başlayacaq. Biz İrandan neft idxal edən əsas ölkələr olan Çin, Hindistan və Türkiyə ilə bu istiqamətdə, hələlik müzakirələrə başlamamışıq, lakin belə bir plan var" — Departament rəsmisi vurğulayıb.
Xatırladaq ki, Türkiyə iyunun 21-dən etibarən bəzi ABŞ məhsullarına əlavə gömrük vergisi tətbiq edib. Bu, ABŞ-dan idxal edilən məhsulların qiymətlərini artıracaq. ABŞ istehsalı olan 22 məhsula əlavə gömrük vergisi tətbiq edilib. Bildirilir ki, bu qərar həmin məhsulların qiymətinin 80 faiz artmasına səbəb olacaq.