BAKI, 27 iyun — Sputnik. Malaziyada Kota-Kinabl məscidinin rəhbərliyi məscidi turistlərin üzünə bağlamaq qərarı verib. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, rəhbərlik bu qərara iki açıq geyimli qızın məscid önündə rəqsindən sonra gəlib.
Qızların məscid önündə rəqsinin 10 saniyəlik videosu sosial şəbəkələrdə paylaşılıb və din adamlarının narazılığına səbəb olub.
"Biz qapılarımızı ziayrətçilərimizin üzünə açmışdıq ki, onlar İslamla tanış ola bilsinlər. Biz onlara dinin gözəlliklərini hiss etmək imkanları yaratmışdıq. Ancaq onların hərəkəti bizim dinimizə ləkə gətirir. Biz dərhal tədbir görüb, məscidin qapılarını ziyarətçilərin üzünə bağladıq", — deyə məscidin rəhbəri Camal Sakaran qeyd edib.
İyunun 24-dən Sakaran məscidə gələn bütün turist avtobus reyslərini ləğv edib. Hazırda qadınların axtarışı davam etdirilir. Turizm Nazirliyindən bildirilib ki, onlara və tur rəhbərlərinə qarşı sərt tədbirlər görüləcək.