HADİSƏ

Bakıda insanlığa sığmayan olay…

O, həyat yoldaşına zəng edərək ürəyində ağrılar olduğunu və buna görə xəstəxanaya getdiyini deyibmiş
Sputnik

BAKI, 27 iyun — Sputnik. Bakıda 20 Yanvar metrosunun yaxınlığında 50 yaşlarında olan bir kişi dünyasını dəyişib.

Sputnik Azərbaycan Azxəbər- ə istinadla bildiri ki, hadisə Yasamal rayonu ərazisində yerləşən "Yeni Med" klinikasının qarşısında baş verib. Kişinin klinikanın önündə ürəyi dayanıb. Məlumata görə, vətəndaşlar dəfələrlə klinikanın əməkdaşlarına yardım üçün müraciət etsələr də, klinikada kişiyə yardım etməyə həkim tapılmayıb.

Vətəndaşlar özləri ürəyi dayanan kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Ancaq bunun da fayda vermədiyini görüb təcili tibbi yardıma zəng ediblər. Ancaq təcili tibbi yardım maşını hadisə yerinə gəlməyib. Nəticədə vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına aparıblar. Ancaq kişi yolda keçinib. 

"Yeni Med" xəstəxanasının əməkdaşı hadisənin baş verdiyini təsdiqləyib:

"Bəli, belə bir hadisə baş verdi. Biz geniş təchizatlı xəstəxana deyilik. Bura poliklinika tipli yerdir. Hazırda mərkəzdə həkim olmadığı üçün biz özümüz — tibb bacıları yardım etməyə çalışdıq. İlkin tibbi yardım zamanı vətəndaş artıq keçinmişdi. Onun nəbzi vurmurdu. Biz bundan sonra təcili tibbi yardıma zəng etdik. Bilirsiniz ki, əgər ölüm faktı varsa, bu zaman təcili tibbi yardıma zəng etmək lazımdır. Bundan sonra bəzi qəzəbli vətəndaşlar bizim mərkəzə hücum çəkdilər. Xəstənin həyat yoldaşı da hadisə yerinə gəldi. O, həyat yoldaşının ona zəng edərək ürəyində ağrılar olduğunu və buna görə xəstəxanaya getdiyini deyibmiş".