Hərbçilərimiz bayram edirlər

Hərbi hissələrdə bayram tədbirləri keçirilir
Sputnik

BAKI, 26 iyun — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə tədbirlər keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusu öz qüdrətini nümayiş etdirdi — Möhtəşəm yüz illik

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Azadlıq Meydanında hərbi parad keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.

Paradda, həmçinin Türkiyə Respublikası, Pakistan İslam Respublikası, Belarus Respublikası, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran İslam Respublikası, İsrail, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda çıxış edib.