Xəbərdarlıq: Paytaxtın iki istiqamətində sürücüləri məşəqqət gözləyir

Avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə məhdudlaşdırılacaq
Sputnik

BAKI, 25 iyun — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə, həmçinin Ziya Bünyadov prospetinin Böyük Şor yol qovşağı ilə kəsişən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rənglənmə işləri bu gün axşam saatlarınadək davam etdiriləcək.

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.