Tramp yenə qalmaqal yaratdı: "Onları ABŞ-dan qovmalıyıq"

ABŞ prezidenti: "Kimsə ölkəmizə qanunsuz olaraq gəldiyindən məhkəmə olmadan geri göndərməliyik"
Sputnik

BAKI, 25 iyun — Sputnik. Meksika ilə sərhəddə həbs edilən qanunsuz miqrantların ölkədən çıxarılacağını deyən ABŞ prezidenti Donald Tramp qərarını dəyişməyəcəyini bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.

Putin - Tramp görüşü barədə məlumat yayıldı

"Bu insanların ölkəmizi işğal etmələrinə yol verə bilmərik. Kimsə ölkəmizə qanunsuz olaraq gəldiyindən məhkəmə olmadan geri göndərməliyik. Sistemimiz, qanunumuz, miqrant siyasətimiz hamı tərəfindən lağa qoyulur. Uşaqların böyük əksəriyyəti onsuz da atası olmadan ölkəmizə gəlir" — deyə o vurğulayıb.

Prezident ABŞ-da immiqrasiya siyasətinin düzgün olmadığını vurğulayıb: "Bu siyasət qanuni olaraq proseduralardan keçən və uzun illər gözləyən insanlara qarşı haqsızlıqdır. İmmiqrasiya xidmətlərə əsaslanmalıdır. Bizə ABŞ-ı daha da böyüdəcək insanlar lazımdır".

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Tramp qanunsuz miqrantların övladlarının ailələrindən ayrı mərkəzdə saxlanılması ilə bağlı qərarını həm ölkədaxili, həm də xaricdən gələn reaksiyalara görə ləğv edib.

Bir düşərgədə onlarla uşağın məftillərlə ayrılan qəfəslərdə saxlanılmasını göstərən fotolar və uşaqların ağlamasını əks etdirən səs yazıları bütün dünyanın reaksiyasına səbəb olmuşdu. ABŞ prezidenti ötən həftə imza mərasimində uşaqların ailələrindən ayrılarkən ağladıqlarını əks etdirən fotoların ona pis təsir etdiyini bildirmişdi.