Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Siyasi analitiklər hazırkı seçkiləri son illərin ən gərgin və proqnozlaşdırılması mümkün olmayan seçkisi hesab edirlər
Sputnik

BAKI, 24 iyun — Sputnik. Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bir çox siyasi analitiklər hazırkı seçkiləri son illərin ən gərgin və proqnozlaşdırılması mümkün olmayan seçkisi hesab edirlər.

Prezident postu uğrunda hazırkı dövlət başçısı Rəcəb Tayyıp Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, İYİ Partiyanın başqanı Maral Akşener, HDP-nin namizədi Səlahəddin Dəmirtaş, Səadət Partiyasının sədri Temel Karamollaoğlu və Vətən Partiyasının lideri Doğu Perinçək mübarizə aparır.

Türkiyədə seçki mitinqində gözlənilməz olay: Prezidentliyə namizədi şok etdilər

Ekspertlər əsas mübarizənin Ərdoğan və İncə arasında gedəcəyini proqnozlaşdırırlar. Hakimiyyətə yaxın KİV-lər hazırkı prezidentin birinci turda 51-52 faiz səslə qalib gələcəyini bildirilər. Müxalifət və müstəqil qəzetlər isə ikinci tur olacağını proqnozlaşdırırlar. İkinci tur olsa, Maral Akşener qeyd-şərtsiz İncəni dəstəkləyəcək. Digər namizədlərin də Ərdoğana qarşı İncəni dəstəkləyəcəkləri istisna olunmur.

Türkiyədə prezidentlik müddəti 5 ildir və bir nəfər 2 müddətdən artıq seçilə bilməz.

Türkiyə Böyük Millət Məclisində 550 deputat yeri var. Hazırkı parlamentdə hakim AK Partiya 316 kreslo ilə çoxluğa malikdir. Amma ekspertlər bu gün keçirilən seçkilərdə hakim partiyanın ciddi itki ilə üzləşəcəyini proqnozlaşdırırlar. AKP-nin əsas rəqibi son zamanlar ciddi şəkildə güclənən İYİ Partiya, ənənəvi rəqibi olan CHP, eləcə də kürdlərin dəstəklədiyi HDP olacaq.

TBMM-in deputatları 4 il müddətinə seçilirlər.