CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir-biri ilə əlaqəli iki olay: Qəzada yaralananın yanına getdi, başqasını vurub öldürdü

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Lənkəran-Lerik avtomobil yolunda dalbadal iki avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, birinci qəza zamanı avtomobil yoldan çıxaraq dərəyə aşıb və nəticədə 3 nəfər xəsarət alıb.

Yaralanan şəxslərdən biri Lənkəranda yaşayan tanışına zəng edərək qəzaya düşdüklərini bildirib. Həmin şəxs 42-CA-106 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili ilə qəza yerinə gedib. O, hadisə yerinə daha tez yetişmək üçün avtomobili sürətlə sürüb və Lənkəran-Lerik yolunun Şağlakücə kəndindən keçən hissəsində kənd sakini, 1964-cü il təvəllüdlü Əliməmməd Şükürovu vurub.

"VAZ-2107"-nin sürücüsü vurduğu şəxsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına apararkən, yaralı yolda dünyasını dəyişib.

Birinci yol əzasında yaralanan 3 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hal-hazırda onlara tibbi yardım göstərilir.

Hər iki faktla bağlı araşdırmalar davam edir.