CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda dəhşətli intiharın qarşısı alındı, xanım xilas etdi

Xanım, “mən o dünyanı görüb qayıtdım” yazıb
Sputnik

BAKI, 23 iyun — Sputnik. Bakıda intiharın qarşısı alınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində Ayfar Nizaməddinqizi adlı istifadəçi yazıb.

Xanım bildirib ki, uşaqları eyvanda oynayan zaman birdən qışqırıb onu çağırıblar ki, bir kişi özünü atır: “Əvvəl elə bildim ki, ustadı, dam örtüyünü düzəldir. Sonra gördüm ki, bu adam qışqırır. Başladım onu danışığa tutmağa, intihar fikrindən daşındırmağa. Amma o, ağlaya-ağlaya nəsə deyirdi, anlamırdım. Həm də məsafəmiz uzaq idi, səsi aydin eşitmirdim. Polis çağırmaq istədim, qoymadı, yoldan keçənə səsləndim, qoymadı. Daha da aşağı sürüşdü. Bir xeyli vaxt onunla söhbət etməyə çalışdım. Sonra dedim ki, kiminlə danışmaq istəyirsən? Dedi, qardaşımla. Güc-bəla ilə nömrə aldım. Qardaşı qan-tərin içində çatdırdı özünü və xahiş etdi ki, mən gələnə, yanına çıxana kimi onu danışdır”.

Xanım istifadəçi sonda belə bir cümlə işlədib: “Şükür Allaha, qardaşı onu fikrindən daşındırdı. Amma mən o dünyanı görüb qayıtdım”.