CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Həsənov: "Ölkənin uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulub"

Əli Həsənov həmçinin bildirib ki, Azərbaycanda 1995-ci ildən etibarən seçkilər çoxpartiyalı sistem əsasında şəffaf formada keçirilib
Sputnik

BAKI, 2 iyun — Sputnik. "Azərbaycan prezidenti vətəndaş cəmiyyəti institutlarını inkişafımızın əsas şərti kimi dəyərləndirir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Həsənov deyib ki, Azərbaycanın uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulub: "1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizm, siyasi fəaliyyət azadlığı əksini tapıb. Bu, inkişafımızın üç şərtidir. Hər üç sahədə inkişafımızı xarici ekspertlər də qey edirlər. 1995-ci ildə ilk dəfə çoxpartiyalı əsasda seçkilər keçirilir. Ötən dövrdə keçirilən seçkilər də çoxpartiyalı əsasda, şəffaf keçirilib. 1995-ci ildən bu günə qədər azad media formalaşıb. Biz vətəndaş cəmiyyətinin inkişafında da hədəflərimizə çatdığımız üçün qürur hissi keçiririk".

Əli Həsənov həmçinin bildirib ki, Azərbaycanda 1995-ci ildən etibarən seçkilər çoxpartiyalı sistem əsasında şəffaf formada keçirilib.

Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bərqərar olması həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri olub: "Ölkədə QHT institutları sərbəst fəaliyyət göstərir. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə QHT hərəkatına dəstək verildi”.